İsrail Ordusu: "HƏMAS əsirləri qaytarmasa..."

      İsrail Ordusu:    "HƏMAS əsirləri qaytarmasa..."
  18 Mart 2025    Oxunub:551
"Qəzza zolağı boyunca HƏMAS və Fələstin İslam Cihadı qruplaşmalarının hədəflərinə aviazərbələr endirməyə davam ediləcək".
İsrail Silahlı Qüvvələri və daxili təhlükəsizlik xidməti "Şin-Bet"in birgə bəyanatında diqqətə çatdırılır ki, son bir neçə saat ərzində terrorçuların məskunlaşdıqları hücrələr, raket atma mövqeləri, silah-sursat anbarları və digər hərbi infrastrukturlara zərbələr endirilib. Məlumata görə, bu infrastrukturun məhz İsrailə qarşı planlaşdırılan hücumlarda işlədilməsi nəzərdə tutulurdu.

Digər tərəfdən, İsrailin müdafiə naziri İsrael Kats Baş nazir Benyamin Netanyahu, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və digər hərbi-siyasi nümayəndələrlə qiymətləndirmə iclası əsnasında "HƏMAS bütün əsirləri azadlığa buraxmasa, hücumların daha da şiddətlənəcəyini" söyləyib.
İran XİN: "Hücumun məsuliyyəti ABŞ-yə aiddir"

Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının 5 ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər. HƏMAS İsrailin zərbələrinə qarşı hələlik cavab verməyib. Digər tərəfdən, BMT-nin Təhlükəsizlik Şurası vəziyyətin müzakirəsi ilə əlaqədar bu gün xüsusi iclas keçirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə  





Xəbər lenti