Çin Amerika qazından imtina edib

   Çin Amerika qazından imtina edib
  18 Mart 2025    Oxunub:511
Donald Trampın qoyduğu tariflərə görə Çin 40 gündür ki, ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) almaqdan imtina edir.
AzVision.az xəbər verir ki, “Kpler” şirkətinin gəmilərin hərəkətinin izlənilməsi barədə nəticələrə istinad edən “Bloomberg” agentliyi belə məlumat yayıb.

“İndiki tədarükün kəsilməsi son iki ildə ən uzun müddətdir. Çünki treyderlər Pekinin yanacaq tariflərindən yayınmaq üçün tədarükləri başqa ölkələrə yönləndirmək məcburiyyətindədirlər”, - agentlik yazır.

Pekin Vaşinqtonun bütün Çin ixracatına tariflər tətbiq etməsinə cavab olaraq fevralın 10-dan ABŞ-nin LNG tədarüklərinə 15 faizlik rüsum qoyub. Bundan sonra Amerika tədarükçüləri ilə uzunmüddətli müqavilələr bağlamış alıcılar LNG daşımalarını yenidən Avropaya satırlar. Onlar ABŞ-nin əvəzinə, maye qazı Asiya-Sakit okean regionundan və ya Yaxın Şərqdən alırlar.

Tramp dediyini etdi...Çin cavab hazırlayır
Xatırladaq ki, Tramp martın 4-dən Meksika və Kanadadan ABŞ-yə malların ixracına gömrük dəyərinin 25 faizi səviyyəsində rüsumlar tətbiq edib (Kanadadan gələn enerji resursları istisna olmaqla, onlar üzrə tariflər 10 faiz idi). Çin mallarına rüsumlar 10 faizdən 20 faizə qədər artırılıb.

Bunun qarşılığında Çin Amerikanın kənd təsərrüfatı məhsullarına rüsumlar tətbiq edib. Onlar taxıl, zülal, pambıq və təzə məhsul kimi mallara aiddir və onların ölçüsü 10-15 faiz arasında dəyişir. Bundan əlavə, Çin Amerikadan soya paxlası və taxta-şalban almasını tamamilə dayandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   ABŞ   LNG  





Xəbər lenti