Xankəndi və Xocalıda Novruz bayramına hazırlıq gedir - FOTOLAR

   Xankəndi və Xocalıda  Novruz bayramına hazırlıq gedir    - FOTOLAR
  17 Mart 2025    Oxunub:663
İşğaldan azad edilən Xankəndi şəhəri və Xocalı rayonunda Novruz hazırlıqları davam edir.
Yazın gəlişi ilə demək olar ki, hər yer yaşıl don geyinir, göy çəmənlər çiçəklərlə bəzənir. Təbiətin oyanışı, yaşıl zəmilərin boy verməsi, quşların xoş avazı könül oxşayır. Novruz bayramının gəlişi isə bu gözəlliyə daha bir həyəcan qatır.



Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinindən verilən məlumata görə,bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndi şəhəri və Xocalı rayonunda Novruza hazırlıq işləri aparılır.



Bu günlərdə Xankəndi şəhərinin mərkəzində Novruza hazırlıq işləri davam edir.Şəhərin Zəfər meydanında Novruz bayramı öncəsi görülən hazırlıq işləri xüsusi ilə diqqət cəkir. Mərkəzi meydanda səməni qurulub.



Burada müxtəlif bayram əhval-ruhiyəli şənlikərin keçirilməsi üçün hər çür şərait yaradılır. Bundan əlavə, şəhərdə müxtəlif güllər və kollar əkilib, ağaclar budanıb.

Həmçinin Zəfər meydanında iri bayram tonqalı quraşdırılıb və konsert proqramı üçün xüsusi konstruksiyalar quraşdırılır.

Xocalı şəhəri və Ballıca kəndində də novruza hazırlıq işləri görülüb. Şəhərdə Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səməni quraşdırılıb. Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar Xocalı şəhəri ərazisində abadlıq və təmizlik işlərini sürətləndirib.

Görülən işlər onu deməyə əsas verir ki, qarşıdakı günlərdə Xankəndi və Xocalıda əsl Novruz ab-havası yaşanacaq.

AzVision.az


Teqlər: Xankəndi   Xocalı   Novruz  





Xəbər lenti