Fizikada böyük kəşf: İşığın maddəyə çevrildiyi sübut olundu

   Fizikada böyük kəşf:    İşığın maddəyə çevrildiyi    sübut olundu
  07 Sentyabr 2024    Oxunub:15952
ABŞ-ın Brukhayven Milli Laboratoriyasının STAR detektorunda işləyən alimlər 80 il əvvəl öncədən deyilmiş iki fiziki hadisə ilə bağlı ciddi sübutları qeydə aldıqlarını bildiriblər. Bunlar işığın maddəyə çevrilməsi və maqnit sahəsinin polyarizasiya olunmuş fotonlara vakuumda təsir edə bilməsidir. Hər ikisi kifayət qədər sensasion hadisə sayıla bilər.
STAR detektoru ABŞ-ın Energetika Nazirliyinə məxsus relyativist ion kollayderlərindən (RHİC) biridir. Araşdırmanın nəticələri məşhur “Physical Review Letters” jurnalında dərc olunub .

Kəşfin mahiyyətini sadə dillə izah etsək, sübut edilib ki, yüksək enerjili fotonları toqquşdursaq, onlar maddə və antimaddə zərrəciklərinə (elektrona və pozitrona) çevrilə bilərlər. İşığın bu şəkildə maddəyə çevrilməsi Eynşteynin məşhur E = mc2 düsturunun əksinə ifadəsidir. Həmin düstur enerji ilə maddənin bir-birinə qarşılıqlı çevrilməsini nəzərdə tutur. Atom reaksiyası, yaxud Günəşdə gedən termonüvə prosesləri zamanı biz maddənin enerjiyə çevrilməsini müşahidə edirik. Bunun əksi mümkün sayılsa da, hələ qeydə alınmamışdı. İndi isə bu baş verib: Enerji maddəyə çevrilib.

İkinci kəşf isə onu göstərir ki, vakuumda maqnit sahəsindən keçən işıq öz polyarizasiyasından asılı olaraq, müxtəlif formalarda əyilir. Hər iki kəşf RHIC STAR detektorunun işıq sürətinə maksimal yaxın sürətlə hərəkət edən qızıl ionları toqquşarkən əmələ gələn bucaq paylanmasını qeydə almaq imkanının sayəsində mümkün olub. 1934-cü ildə fiziklər Qriqori Breyt və Con Uiller bu ehtimalı irəli sürəndə belə imkanlar yox idi.

- Breyt və Uiller öz məqalələrində bunu yoxlamağın praktik olaraq mümkünsüzlüyünü yazırdılar,- kəşfin müəlliflərindən biri, RHIC STAR komandasının üzvü, fizik Çjanbu Ksyu (Zhangbu Xu) deyib.- O vaxt lazer hələ yox idi. Amma Breyt və Uiller alternativ təklif etmişdilər: ağır ionların sürətləndiriməsi. Biz RHIC-də bunu etmişik. Qızıl ionlarını işıq sürətinin 99,995 faizi həddində sürətləndirmişik. Nəticədə, bir-birinə tərəf hərəkət edən yüksək enerjili fotonlardan ibarət elə iki “foton buludu” əldə etmişik ki, iki ion toqquşmadan bir-birinin yanından keçəndə onların sahələri qarşılıqlı əlaqəyə girə bilsin.


STAR-ın fizikləri həmin qarşılıqları əlaqələri izləyərək, foton buludlarının toqquşmasından yaranacağı düşünülən elektron-pozitron cütlüklərini axtarıblar. Nəticələr göstərib ki, həqiqətən də, foton buludların toqquşması nəticəsində Breyt və Uillerin dediyi kimi, maddə-antimaddə (elektron-pozitron) cütlükləri yaranıb. Başqa sözlə, işığın enerjiyə çevrilməsi sübut olunub.

Səbinə Həsənova
Azvision.az


Teqlər: Elm   Fizika  





Xəbər lenti