Güney Qafqazda “ipək diplomatiyası”: Niyə də yox?

   Güney Qafqazda    “ipək diplomatiyası”:    Niyə də yox?
  25 Aprel 2025    Oxunub:332
Seymur Məmmədov

Çin Xalq Respublikası dünyada yeganə dövlətidir ki, bütün məsələləri “yumşaq güc” ilə həll edir, heç kiminlə döyüşmür, öz regionunda vəziyyəti əməkdaşlıq və qarşılıqlı anlaşma yolu ilə tənzimləyir. Bu, hərbi gücü və hərbə-zorba gəlməyi prioritet seçən dövlətlər üçün üçün faydalı olacaq gözəl təcrübədir.
Məsələn, iki il əvvəl Çin Səudiyyə Ərəbistanı ilə İran arasında uzun illərdir davam edən son dərəcə mürəkkəb münaqişədə vasitəçi kimi ortaya çıxdı. Tehranla Ər-Riyadı barışdırmağa digər vasitəçilər də çalışıblar, ancaq buna yalnız Çin nail oldu. 2023-cü ilin martın 10-da SƏ və İİR diplomatik münasibətlərin tezliklə bərpa olunacağını elan etdilər. Belə də oldu. Bu ay biz hətta Səudiyyə şahzadəsinin İrana çox vacib səfərinin şahidi olduq.

Uğurlu sülhməramlı fəaliyyəti ilə Pekin özünü qlobal münaqişələri həll etməyə qadir olan əsas beynəlxalq oyunçu kimi göstərib. Həm İran, həm də Səudiyyə Ərəbistanı Çindən uzaq bir bölgədə yerləşirlər və aralarındakı münaqişə ona təsir etmir. Bununla belə, həm Cənub-Şərqi Asiya, həm də Yaxın Şərq eyni qitədə yerləşir və hamı üçün ortaq Avrasiyanın taleyi məsələsi var.
Sabah Çinin İsraili İranla və ya Fələstinlə barışdırdığını da eşitsək, təəccüblənmərəm.

Çin irəli sürdüyü və inkişaf etdirdiyi “bəşəriyyətin ümumi taleyi” konsepsiyasından çıxış edir. Pekin çoxqütblü dünyanın, bərabərhüquqlu əməkdaşlığın və ölkələr arasında yaranan problemlərin həlli üçün dinc üsulların üstünlüyünün tərəfdarıdır. Bu konsepsiyanı Azərbaycan da bölüşür.

Ortaya maraqlı bir sual çıxır: Pekin Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamağa gedən yoldakı əngəlləri aşmalarına vasitəçi ola bilərmi? Niyə də yox? Hər halda, Güney Qafqazdakı düyün Yaxın Şərqdəki qədər dolaşıq deyil...

Seymur Məmmədov
AzVision.az -ın rus versiyasının redaktoru


Teqlər: Çin  





Xəbər lenti