Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti müzakirə edilib

Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti müzakirə edilib
  15 May 2025    Oxunub:381
Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə milli mətbuatın 150 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bildirib ki, Həsən bəy Zərdabinin təşəbbüsü əsasında nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqımızın maariflənməsində, milli kimliyimizin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb. “Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ölkəmizdə media və jurnalistika sahəsinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu yubiley yalnız keçmişə bir baxış deyil, eyni zamanda, mütərəqqi jurnalist nəslinin formalaşmasına, gənc qələm sahiblərinin ruhlandırılmasına verilmiş böyük töhfədir”, - deyə o əlavə edib

Rektor Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafındakı rolunu xüsusi vurğulayaraq deyib: “Məhz onun rəhbərliyi ilə Azərbaycanda mətbuat üzərində senzura ləğv olundu. Bu, təkcə inzibati bir qərar deyildi, demokratik dəyərlərə, söz və fikir azadlığına verilən önəmin göstəricisi idi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də media sahəsinin inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, media qurumlarının maddi-texniki və hüquqi bazası gücləndirilib, jurnalistlərin fəaliyyətinə əlverişli şərait yaradılıb. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Düzgün və operativ informasiyanın dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatının qarşısının alınmasında jurnalistlərimizin rolu əvəzsiz oldu”.

Üsküdar Universitetinin rektoru Nazife Güngör BDU ilə əməkdaşlığı yüksək dəyərləndirərək deyib: “Üsküdar Universiteti olaraq, Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı yüksək dəyərləndirir və bu əməkdaşlıq çərçivəsində bir çox ortaq layihəni həyata keçirməyi hədəfləyirik”.

O qeyd edib ki, qarşılıqlı inam və dostluq prinsiplərinə əsaslanan bu əməkdaşlıq yalnız akademik sahədə deyil, həm də iki xalq arasında olan mədəni və mənəvi bağları daha da möhkəmləndirir.

“Bu konfrans çərçivəsində onlayn olaraq 200-dən çox məruzəçinin iştirakı nəzərdə tutulur. Bu isə bizə göstərir ki, elm, təhsil və araşdırma sahəsində maraq və dinamik əməkdaşlıq sürətlə genişlənməkdədir. Eyni zamanda, konfrans tələbələr və müəllimlər arasında da yeni əlaqələrin yaranmasına imkan yaradır ki, bu da gələcək akademik əməkdaşlıqlar üçün güclü bir zəmidir.

Türkiyə və Azərbaycan arasındakı əlaqələr, sadəcə, siyasi münasibətlərlə məhdudlaşmır. Bu, əməkdaşlıq elm, təhsil, mədəniyyət və digər sahələrdə də özünü göstərir. Təhsildəki əməkdaşlıq isə xüsusilə önəmlidir, çünki bizi çağdaş dünyaya inteqrasiya edir, gələcəyimizi formalaşdırır”, - deyə rektor bildirib.

Onun sözlərinə görə, Üsküdar Universiteti və BDU birgə addımlar ataraq ortaq təhsil modelləri, akademik mübadilə proqramları və elmi layihələrlə gələcəyə birlikdə irəliləməyi hədəfləyib. Azərbaycanın və Türkiyənin müstəqillik hekayələri bir-birinə çox bənzəyir. Çünki bizim köklərimiz, tariximiz və mədəniyyətimiz ortaqdır. Bu ortaq kimlik bizi bir ailə kimi yaxınlaşdırır və təhsildə atdığımız hər bir addımı daha mənalı edir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov yerli, həm də qlobal miqyasda aktual və strateji məsələlərin müzakirəsi baxımından “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın ideal platforma olduğunu söyləyib. O qeyd edib ki, rəqəmsallaşma bu gün bütün dünyanın əsas çağırışlarından biridir. “Cəmiyyətlərin inkişafı, informasiya mübadiləsinin sürəti və şəffaflığı artıq birbaşa rəqəmsal texnologiyaların səviyyəsindən asılıdır. Lakin hər bir inkişafın müsbət tərəfləri ilə yanaşı, müəyyən mənfi cəhətləri də mövcuddur. Xüsusilə media sahəsində rəqəmsallaşma bəzən qeyri-peşəkarlığın, dezinformasiyanın və manipulyasiyanın yayılmasına səbəb olur. Bu səbəbdən də biz bu problemlərlə mübarizə yollarını müəyyənləşdirməli, müasir çağırışlara uyğun strategiyalar işləməliyik.

Konfrans çərçivəsində bu və digər məsələlər - media etikası, informasiya təhlükəsizliyi, rəqəmsal savadlılıq və cəmiyyətin informasiya səviyyəsinin artırılması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq. Çünki biz anlayırıq ki, informasiya cəmiyyəti yalnız texnologiya ilə deyil, eyni zamanda, maarifləndirmə və peşəkarlıqla formalaşır”, - deyə R.Məmmədov bildirib.

Mətbuat Şurasının sədri Rəşad Məcid “Əkinçi” qəzetinin fəaliyyətə başlamasının həmin dövr üçün böyük fədakarlıq olduğunu vurğulayıb. Bildirib ki, sovet dövründə Azərbaycan mətbuatı ana dilimizin qorunmasında mühüm rol oynayıb. Həmin dövrdə fəaliyyət göstərən “Kommunist”, “Azərbaycan gəncləri” kimi qəzetlərdə milli ideyalar öz əksini tapırdı. 1991-ci ildən sonra ölkəmizdə media orqanlarının sayı artmağa başladı. Azərbaycan mətbuatı tarixində ən əlamətdar hadisələrdən biri isə 1998-ci il avqustun 6-da baş verdi. Həmin gün Ümummilli Lider Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu, mətbuatın inkişafı istiqamətində mühüm addım oldu və sonrakı illərdə də ardıcıl fəaliyyət davam etdirildi.

“Bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev hər zaman müstəqil dövlət üçün müstəqil medianın vacibliyini vurğulayır. Ölkəmizdə “Media haqqında” yeni qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin yaradılması da Prezidentin bu sahədə apardığı siyasətin nəticəsidir”, - deyə R.Məcid əlavə edib.

“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev medianın sadəcə informasiya vasitəsi deyil, eyni zamanda, təfəkkür məsələsi olduğunu söyləyərək diqqətə çatdırıb: “Biz tariximizə baxdıqda “Əkinçi” qəzeti ilə fəxr edir və Həsən bəy Zərdabini milli mətbuatımızın banisi kimi xatırlayırıq. Bu, yalnız keçmişə hörmət deyil, həm də gələcəyə məsuliyyətdir”.

O qeyd edib ki, Azərbaycanın Dövlət Himnində yer alan “Namusunu hifz etməyə” fikri çox dərin mənalar daşıyır. Bu, bizim milli kimliyimizə, dəyərlərimizə və şərəfimizə verdiyimiz yüksək önəmin göstəricisidir. Mətbuat isə bu namus və dəyərlərin qoruyucusu olmalıdır.

“Sosial şəbəkələrin informasiya xaosu yaratdığı, bəzən həqiqəti kölgədə qoyduğu bir dövrdə biz bu Himni daha dərindən anlamağa və media vasitəsilə cəmiyyətin düşüncə sağlamlığını qorumağa borcluyuq”, - deyə M.Ağayev əlavə edib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, dünyanın çağırışlarına cavab olaraq, müzakirə ediləcək mövzulara milli maraqlar prizmasından yanaşmalı və milli maraqları təmin etmək üçün kifayət qədər addımlar atmalıyıq. “Zaman dəyişir və inkişaf edir. Bu dəyişikliklərə adekvat olaraq, Azərbaycan mətbuatı da reallıqlara əsaslanaraq fəaliyyətini milli və dövlət maraqları çərçivəsində qurmalıdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu kimi beynəlxalq konfranslar jurnalistikanın gələcək hədəflərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan mətbuatı peşəkar jurnalistika ənənələrini formalaşdırıb. Bu gün isə ölkəmizdə kifayət qədər müstəqil, hüquqlarını bilən və dəyərləri qoruyan, peşəkar jurnalistlər fəaliyyət göstərir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli milli mətbuatın 150 illik tarixi yalnız keçmişi anmaq üçün deyil, həm də gələcəyi düşünmək üçün mühüm informasiya bazası yaratdığını vurğulayıb. Bildirib ki, bu baxımdan, konfransın mövzusu ilə tarixi təcrübənin və peşəkar mirasın vəhdəti mühüm əhəmiyyət daşıyır.

N.Məmmədli konfransın məqsədi və qayəsi barədə ətraflı danışaraq Azərbaycan jurnalistikasının inkişafında iki əsas istiqamətin mövcudluğuna toxunub. Bildirib ki, Medianın İnkişafı Agentliyi bu istiqamətlərin hər biri üzrə sistemli fəaliyyət göstərir. Beynəlxalq ekspertlərin iştirakı ilə “Rəqəmsal yazı: rəqəmsal alətlərin işlənməsi” mövzusunda keçirilən silsilə təlimlər bu sahədə jurnalistlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir.

O, həmçinin təhlükəsizliyə qarşı mübarizə şəraitində medianın rolu və Azərbaycan jurnalistikasının bu sahədə fəaliyyəti ilə bağlı aparılan işlərə də diqqət çəkib. Vurğulayıb ki, Azərbaycan jurnalistikasında elmi tədqiqatların aparıldığı yeganə müstəvi məhz bu cür təşəbbüslərlə genişlənir. Bu konfrans yalnız fikirlərin bölüşüldüyü platforma deyil, həm də medianın bazar aktoruna çevrilməsində əhəmiyyətli rol oynayacaq. Burada səsləndirilən fikirlər Azərbaycan jurnalistikasının gələcək inkişaf istiqamətlərinə töhfə verəcək.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli və Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli mətbuatın təsir imkanlarını genişləndirməyin olduqca vacib məsələ olduğuna diqqət çəkiblər.

Daha sonra Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri keçirilib.

Üç gün davam edəcək konfransın məqsədi media istehsalı və istehlakı proseslərinin rəqəmsallaşma ilə transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr aparmaqdır. Bu transformasiyanın mahiyyətinin, media ekosisteminə təsirlərinin və qlobal səviyyədə gətirəcəyi nəticələrin ətraflı şəkildə müzakirə olunacağı konfransın kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməsi hədəflənir.

Konfrans çərçivəsində “Rəqəmsal dövrdə media və cəmiyyət”, “Süni intellekt, media və cəmiyyət”, “Rəqəmsal dövrdə media və kommunikasiya tədqiqatları”, “Rəqəmsal dövrdə reklam və marketinq”, “Jurnalistika tarixi”, “Süni intellekt, media və vizual mədəniyyət”, “Rəqəmsal transformasiya və media” mövzuları üzrə 7 bölmədə 48 məruzə dinləniləcək.

Qeyd edək ki, konfransa ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezis qəbul olunub. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti