Perunun Baş naziri istefa verib

   Perunun Baş naziri istefa verib
  14 May 2025    Oxunub:309
Perunun Baş naziri Qustavo Adriansen ölkə parlamentində ona qarşı çıxarılan etimadsızlıq qərarının ardınca tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Sabiq hökumət başçısı paytaxt Limada xalqa müraciətində bildirib ki, istefa ərizəsini artıq Prezident Dina Boluarteyə çatdırıb. O bu addımı ölkənin mənafeyi naminə atdığını vurğulayıb.

"Vətənin çətin anlarında öz vəzifə borcumu böyük məsuliyyətlə yerinə yetirmişəm. Əminəm ki, bu gün tamamladığımız tarixin səhifələri yalnız övladlarımızın, nəvələrimizin oxuyacağı səhifələrdir. Yalnız həmin vaxt ədalət öz yerini tapacaq", - Adriansen müraciətində söyləyib.

Peru mətbuatının məlumatına görə, müxalifət Qustavo Adriansenin ölkədə artan zorakılıq hadisələri ilə mübarizədə qeyri-adekvat davrandığını diqqətə çatdıraraq, parlamentə etimadsızlıq səsverməsi təklifi irəli sürüb. Sabiq Baş nazir xüsusilə ölkənin Patas əyalətində 13 şaxtaçının qaçırılaraq öldürülməsi fonunda kəskin tənqidlərə məruz qalıb.

Ümumilikdə, Peruda cinayət faktlarıının son illər artması və hökumətin qəti addımlar atmaqda çətinlik çəkməsi ölkədə siyasi qeyri-sabitliyi daha da dərinləşdirir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Peru   baş-nazir   istefa  





Xəbər lenti