Bioqaz: Peyinə beyinlə yanaşsaq...

// ...Təkcə fermer yox, hamı böyük fayda götürə bilər

 Bioqaz:   Peyinə beyinlə yanaşsaq...
  15 May 2025    Oxunub:496
Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik sahibkarların, fermerlərin alternativ enerjiyə keçmələri üçün hansı imkanları var? Söhbət günəş panelləri, külək generatorları, bioqaz və digər üsullardan gedir.
Ekoloq, özünün kiçik təsərrüfatında bioqaz qurğularından istifadə edən Cəmşid Quliyev AzVision.az-a deyib ki, alternativ enerjidən yararlanmaq istəyiriksə, ilk növbədə bu qurğuların istehsalı ilə məşğul olmaq lazımdır. Azərbaycan bu cür avadanlıqları idxal edir. Hələ ki, bizdə günəş batareyaları istehsal olunmur. Türkiyə batareya istehsalında başlanğıc mərhələdədir. Ehtiyac yarananda ən ucuz variant kimi Çinə müraciət edirik.

Müsahibimiz külək enerjisindən yararlanmağı da vacib sayır. Bioqaz enerjisinə gəlincə, bu prosesi kustar üsullarla və ya yerli məhsullar hesabına həyata keçirmək mümkündür. Bioqaz enerjisi biokütlənin - bitki və ya heyvan mənşəli kütlənin reaktorda qıcqırdılması nəticəsində əldə edilir. Qıcqırma zamanı orada aktivləşən mikroorqanizmlərin sayəsində metan qazı yaranır. Yəni "bioqaz enerjisi" dedikdə məhz biokütlənin mikroorqanizmlər tərəfindən yeyilməsindən sonra metan qazının formalaşması nəzərdə tutulur. Metan yanar qaz kimi propan və etana çox yaxındır. Amma proses zamanı əldə etdiyimiz metan həmin qazlara nisbətən daha ağırdır. Onun yanması nəticəsində daha çox enerji yaranır.

Cəmşid Quliyev deyib ki, metan qazının hasil olması üçün praktik xammal növü heyvandarlıq təsərrüfatlarında tullantıya gedən, bəzən isə gübrə kimi istifadə olunan peyindir. Peyinə su qatılır və reaktora əlavə edilir: "Reaktorda müəyyən temperatur rejimi olmalıdır. Bu temperatur sizin hansı mikroorqanizmi aktivləşdirəcəyinizdən asılı olaraq tənzimlənir. Məsələn, psixofil rejimi var. O, 38 dərəcəyə qədər mühitdə aktivləşə bilən psixofil adlanan mikroorqanizmlər üçündür. Onlar öz həyat şəraitləri üçün yüksək temperatur tələb etmirlər. Bu ən sadə rejim sayılır. Amma metan qazı ixrac edən başqa mikroorqanizmlər də mövcuddur. Onlara "mezofillər" deyilir. Bu mikroorqanizmlər daha yuxarı temperaturda aktivləşirlər. 50-52-dərəcədə aktivləşən mikro orqanizmlər də var ki, onlara "termofillər" deyirik. Bir sözlə, prosesdə onların hər biri üçün ayrıca temperatur rejimi təşkil etməliyik".

Qış aylarında bioqaz reaktorunda yüksək temperatur əldə etmək asan olmur. Xüsusilə cihazdan istifadə yanacağa daha çox ehtiyac duyulan məkanlarda - dağlıq bölgələrdə fəaliyyət göstərənlərə daha çətin gəlir. Bu ərazilərdə qış aylarında çöldə temperatur daha aşağı olur. Ona görə, lazım olan temperaturun əldə edilməsi üçün xüsusi enerjiyə ehtiyac yaranır. Kəndli aldığı qazın özünü cihazdakı prosesə yönəltmiş olur. Belə olan halda fermerin və ya ümumən cihazdan yararlananın əziyyətinə dəymir. Ən yaxşı variant sadəcə uyğun temperaturla psixofillərə şərait yaradılmasıdır. Bu formada əldə olunan qaz ucuz başa gəlir. Çünki termofillərin aktivləşməsi üçün əlavə yanacağa ehtiyac var. Təcrübə təsdiqləyir ki, yalnız aşağı temperatur rejimlərində bioqaz qurğusunun işlədilməsi sərfəlidir.


- Təcrübəmə əsasən deyirəm ki, qurğunun normal fəaliyyəti üçün əlavə nələrəsə ehtiyac yaranır. Cihazı müəyyən avadanlıqlarla təchiz etmək olar. Bunu təcrübədə də sınamışıq. Qurğuda avtomat və yarımavtomat rejimlər təşkil etmək olar. Bu, reaktorun daxilində temperaturu tənzimləmək üçündür. Rejimlərin tətbiqi üçün nəzərdə tutulan cihazlar xaricdən gətirilmiş olsa da, mağazalarda rahat tapılan avadanlıqlardır. Bu məsələ işimizi bir az asanlaşdırır,- Cəmşid Quliyev bildirib.

Bioqaz qurğularının aşağı və orta temperatur rejimlərində istifadəsi zamanı beş tonluq reaktorda gündəlik hasilat təqribən 1,2 - 1,5 kubmetr olur. Bu isə bir evin orta ehtiyacını ödəməyə yetir. 1,5 kubmetr qaz mətbəxə, hamama, qış aylarında evin isidilməsinə kifayət edər. Əgər obyekt və ya mənzil geniş olarsa, əldə olunan enerji bəs etməyəcək. Bu zaman daha böyük reaktorlara ehtiyac yaranır.

Kənd təsərrüfatında, fermalarda cihazların tətbiqi münasib sayılır. Sadəcə, burada bir problem ortaya çıxır. Biokütlənin hazırlanması, reaktora yüklənməsi, bioloji qazın nəzarətdə saxlanılması əlavə insan əməyinə ehtiyac yaradır. Gündəlik işləri ilə məşğul olan kəndli bioqaza vaxt ayıra bilmir. Ona görə də əksəriyyət dövlətdən aldığı təbii qazdan yararlanmağı daha üstün tutur.

Amma bioqaz qurğusundan istifadə yalnız kiçik fermerin və ya kəndlinin evinin ucuz isinməsi demək deyil. Qurğunun insanlara verdiyi faydalardan biri heyvandarlıq təsərrüfatındakı peyinlərin utilizasiyasıdır. Çünki çürümə prosesi açıq havada gedəndə karbon və metan qazı atmosferə atılır. Bu isə karbon emissiyasını çoxaldır. Atmosferin tərkibində bu cür tullantıların çox olması onun strukturunu dəyişir. Bu da "istixana effekti"nə, iqlim dəyişikliklərinə səbəb olur. Qurğudan kütləvi istifadə bunun qarşısını almağa böyük töhfə verə bilər. Bu zaman biz metanı nəinki atmosferə tullamırıq, əlavə olaraq, ondan yanacaq kimi xeyir götürürük.

Qurğudan yararlanmağın başqa faydası da var. Xammal kimi reaktora əlavə edilən peyin istifadə olunduqdan sonra "biohumus" deyilən qiymətli gübrəyə çevrilir. Bu gübrədən kənd təsərrüfatında istifadə edənlər onun nə qədər faydalı olduğunu bilirlər. "Şəxsən mən gübrəni təcrübəmdə yoxlamışam. İllərlə çiçək açmayan ağacın dibinə biohumus tökəndə onun bar verməsini gözümlə görmüşəm. Yəni məhsuldarlığı inanılmaz dərəcədə artıran bir gübrə də əldə etmiş oluruq. Onun kimyəvi gübrələrdən fərqini izah etməyə də ehtiyac yoxdur",- Cəmşid Quliyev deyir.

Amma onun sözlərinə görə, bu prosesin yükü kəndlinin belinə qoyulmamalıdır. Bir halda ki, cihazın kütləvi istifadəsindən bütün cəmiyyət fayda görəcək, ya dövlət, ya da hansısa uyğun təşkilatlar prosesə yardımçı ola bilərlər. Kəndli dəstəyi görsə, həvəslənəcək. Pulsuz yanacaq, bağın çiçəklənməsi, təmiz enerji, orqanik gübrələrin öz cihazından əldə edilməsi bütün təsərrüfat sahiblərində qurğunun güzəştlə alınmasına maraq yaradacaq. Təəssüf ki, ətraf mühit problemlərinin həlli ilə məşğul olan donor təşkilatların əksər hallarda öz maraqları olur. Çox vaxt onlar xeyriyyəçi kimi görünməyə çalışsalar da, əslində başqa niyyətlər güdürlər.

"Başqa variant da var. Məsələn, kəndlidə maraq yaradılır, maliyyə dəstəyi ilə bioqaz qurğuları alınır, ona qulluq edəcək işçinin maaşı verilir. Əvəzində isə bioqazdan tullantı kimi əldə olunan gübrə dövlət tərəfindən götürülərək başqa təsərrüfatlara satılır. Bir sözlə, proses genişlənsə, cəmiyyətimiz də bundan hərtərəfli faydalanacaq",- Cəmşid Quliyev fikirlərini yekunlaşdılrıb.

AzVision.az


Teqlər:





Xəbər lenti