Avropa Rusiya qazının idxalını artırıb

   Avropa Rusiya qazının idxalını artırıb
  19 Mart 2025    Oxunub:487
Bu ilin yanvar ayında Avropa İttifaqının (Aİ) Rusiyadan idxal etdiyi mayeləşdirilmiş təbii qaza (LNG) görə ödədiyi pulun məbləği son iki ildə ilk dəfə olaraq bir milyard avronu ötüb.
AzVision.az xəbər verir ki, Avropa Statistika İdarəsinin məlumatlarına istinad edən Rusiya mediasının yazdığına görə, nə qədər təəccüblü görünsə də, Ukrayna məsələsində ifrat anti-Rusiya mövqeyi ilə seçilən Fransa bu məsələdə liderlik sərgiləyib.

Bütün satınalmaların təxminən yarısını həyata keçirən Fransa yanvar ayında Rusiyadan 455,2 milyon avro dəyərində LNG alıb ki, bu da ötən ilin dekabr ayı ilə müqaysiədə 13% artım deməkdir.

İkinci yerdə qərarlaşan İspaniya idxalı 31,5% artıraraq Rusiyaya ödənişləri 261,5 milyon avroya çatdırıb. İlk üçlüyü 256,7 milyon avro ilə Belçika qapayıb - bu, dekabr ayı ilə müqayisədə 1,9 dəfə çoxdur.

Eyni zamanda, Avropada qazın qiyməti son bir ayda 30% ucuzlaşıb. Bu reallıq isə müəyyən mənada Ukraynada atəşkəsin Rusiyanın boru kəməri vasitəsi ilə daşınan təbii və mayeləşdirilmiş qazının yenidən Avropaya axacağına zəmin yarada biləcəyi barədə gözləntilərlə bağlıdır.

Maraqlıdır ki, bu arada Avropa İttifaqına (Aİ) üzv ölkələrin Komissiyası Rusiyadan qaz istehlakının dayandırılması üçün kollektiv fəaliyyət planının təqdim edilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Ötən gün isə Vladimir Putin Vaşinqtonla Moskvanın Rusiya qazının Avropaya nəqli yönündəki maneəni aradan qaldırmaq barədə bağlı razılığa gələ biləcəklərini istisna etməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Rusiya   qaz  





Xəbər lenti