Azərbaycanın diplomatiyası yüksək qiymətləndirilib

COP29 sədrliyinin yaydığı məlumatda Şəbəkənin bu mühüm mövqe sənədini qəbul etməsi ötən il COP29-da təsis olunan platformanın inkişafı istiqamətində vacib addım kimi qiymətləndirilir.
Qeyd edilir ki, COP29 Sədrliyinin təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə təşkil olunan, Şəbəkənin bu il davam edəcək Strateji iclası iqlim dəyişmələrinə və münaqişələrə həssas ölkələrin hökumət üzvlərini, beynəlxalq təşkilatları, maliyyə institutlarını bir araya gətirib. İclasda həssas ölkələr üçün iqlim maliyyəsinin təmin edilməsi və milli potensialların gücləndirilməsi istiqamətində konkret addımlar müzakirə edilib.
COP29 sədrliyinin dəstəyi ilə davam etmiş əlaqələndirmə işi nəticəsində qəbul olunan Birgə Bəyanat və birgə fəaliyyət üzrə Yol xəritəsi qrupa daxil olan ölkələrin vahid mövqeyini formalaşdırmaqla yanaşı, konkret layihələrin icrasını da nəzərdə tutur.
Birgə Bəyanatda COP29 zamanı irəli sürdüyü “Sülh, yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı”na görə Azərbaycan hökumətinə xüsusi təşəkkür ifadə edilib, bu Çağırış çərçivəsində yaradılmış Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin humanitar yardım, inkişaf, sülh quruculuğu və iqlim sahəsində çalışan tərəfdaşlar arasında əməkdaşlıq üçün unikal mexanizm olduğu vurğulanıb.
COP29-un məlumatında qeyd olunur ki, Azərbaycan Sədrliyi Bakı Mərkəzi ətrafında yaradılmış birgə tərəfdaşlıq platforması vasitəsilə Şəbəkəni dəstəkləməyə, iqlimə, münaqişəyə, humanitar ehtiyaclara həssas ölkələrin milli potensiallarını gücləndirməyə və "Yaşıl Dünya üçün Həmrəylik" prinsipinə əsaslanaraq birgə fəaliyyətin təşviqinə bundan sonra da davam edəcək.
Xatırladaq ki, COP29-da qəbul edilmiş Bakı Sülh Çağırışına əsasən, COP29 Sədrliyinin himayəsi ilə Mərkəzin Bakı şəhərində yerləşməsi qərara alınıb.
AzVision.az
Teqlər: