Əkrəm İmamoğlu saxlanılıb

   Əkrəm İmamoğlu saxlanılıb
  19 Mart 2025    Oxunub:880
İstanbulda mərkəzi küçələr və metro stansiyaları bağlanıb. Həmçinin, “X”, Instagram, YouTube, TikTok, Facebook və WhatsApp daxil olmaqla sosial şəbəkələrə və ani messencerlərə daxil olmaqda problemlər yaranıb.
AzVision.az “DownDetector” platformasının məlumatına istinadən xəbər verir ki, bütün ölkə ərazisində internet və sosial şəbəkələrdə fasilələr qeydə alınıb. İstanbul Valiliyinin açıqlamasında “19-23 mart tarixləri arasında nümayişlərin qadağan edildiyi” bildirilib.

Bütün bunlara səbəb İstanbul prokurorluğunun şəhərin meri və türk müxalifət lideri Əkrəm İmamoğlu və onun köməkçisi Murad Öngün də daxil olmaqla 105 dövlət qulluqçusu və siyasi fəalın həbsinə qərar verməsidir.

İmamoğlunun İstanbulun şimalındakı Sarıyer rayonundakı evində axtarışlar davam edir. Prokurorluq mer və onun administrasiyasının üzvlərinə qarşı korrupsiya və terrorçularla əməkdaşlıq ittihamı irəli sürüb.

Bir gün əvvəl İstanbul Universiteti İmamoğlunun ali təhsil diplomunu şəhərin Baş Prokurorluğunun qanuniliyinin müəyyənləşdirilməsi tələbinə əsasən aşkarlanmış pozuntulara görə ləğv edib.

Bu gün isə əvvəlcə tibbi müayinəyə aparılan Əkrəm İmamoğlu daha sonra məhkəməyə gətirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İmamoğlu   həbs  





Xəbər lenti