Gimnastika üzrə estafet yarışları təşkil edilib

Gimnastika üzrə estafet yarışları təşkil edilib
  08 Dekabr 2019    Oxunub:3126
Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq estafet yarışları təşkil edib.
Azvision.az federasiyanın saytına istinadən xəbər verir ki, dekabrın 7-də Milli Gimnastika Arenasında keçirilən yarışlara “Şahdağ”, “Odlar Yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və “Babək” komandalarının heyətində 200-ə yaxın iştirakçı yer alıb.

Azərbaycan Gimnastika Federasiyası tərəfindən ilk dəfədir təşkil edilmiş bu estafetdə gimnastika növləri üzrə yığma komandaların üzvləri, onların valideynləri, eləcə də bəzi məşqçilər iştirak ediblər.

İştirakçılar üçün hazırlanmış beş oyunun hər biri üç mərhələdən ibarət olub. Çox maraqlı və əyləncəli estafetin sonunda “Qarabağ” komandası qalib gəlib. “Gülüstan” və “Babək” komandaları isə ikinci və üçüncü yerləri tutublar. Mükafatçılara kuboklar təqdim edilib.

Estafet yarışlarında qaliblər elan olunsa da, bu simvolik xarakter daşıyıb və hər bir iştirakçı, komanda qalib hesab edilib. Çünki arenada birgə yarışan valideynlər övladlarına, eyni zamanda, övladları isə valideynlərinə dəstək olublar. Tədbirin keçirilməsində əsas məqsəd idmançılar, onların valideynləri, eləcə də məşqçilər və tamaşaçılar arasında kollektiv ruhu inkişaf etdirərək onların fiziki hazırlığını yüksəltmək, həmçinin gimnastikanın təkcə idmançılar üçün deyil, hamı üçün olmasını əyani şəkildə göstərməkdən ibarət olub.

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi və estafetin təşəbbüskarı Mariana Vasileva yarışla bağlı belə deyib: “Bu, çox maraqlı yarışdır, çünki estafetdə təkcə idmançılar yox, həm də onların valideynləri və məşqçilər iştirak edirlər. Estafet iştirakçıları arasında yaş həddi qoyulmayıb. Belə ki, valideynlər arasında hətta gimnast Nərminə Səmədovanın nənəsi də iştirak edib. Gimnastika hamının məşğul ola biləcəyi bir növdür”.

M.Vasilevanın sözlərinə görə, estafetin keçirilməsində məqsəd həm də kollektivi, gimnastları, onların valideynlərini və məşqçiləri bir araya gətirməkdir: “Bəzən kənardan elə görünür ki, idmançının işi asandır, çünki tamaşaçılar yalnız yekun çıxışları görür. Lakin valideynlər uşaqların məşq prosesinə nə qədər güc sərf etdiklərini bilirlər. Estafetdəki yarışların səviyyəsi hər kəs üçün əlçatandır. Komandanı estafetə hazırlayarkən hiss edirdim ki, hər bir iştirakçı qələbə qazanmaq istəyir. Hər kəs Milli Gimnastika Arenasında hökm sürən gimnastika ruhunu hiss edir”.

Estafet yarışları bitdikdən sonra yarışın iştirakçısı, bədii gimnastika üzrə milli komandanın üzvü Nərminə Səmədova və onun nənəsi Əzizə Səmədova bildiriblər ki, bu yarışlar bütün iştirakçılara əlvan və müsbət emosiya bağışlayıb. Əzizə Səmədova estafetlə bağlı təəssüratlarını bölüşüb: “Estafet əlamətdar bir hadisədir, yarış çox xoşuma gəldi. Özümü yenidən gənc hiss etdim. Ümid edirəm ki, estafet yarışlarının keçirilməsi yaxşı bir ənənəyə çevriləcək. Yalnız yaxşı təəssüratlar var, düşünürəm ki, gələcəkdə belə estafet yarışları keçirilsə, mən həmişə iştirakçılar arasında olacağam”.

Qeyd edək ki, bu estafet həm də həmrəylik ruhunu təbliğ etmək məqsədi daşıyıb və qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.

Azvision.az


Teqlər: Gimnastika  





Xəbər lenti