Gürcüstan müxalifəti ABŞ-ı alqışladı: "Ölkə məhkəməsi korrupsiyalaşıb"

      Gürcüstan müxalifəti ABŞ-ı alqışladı:    "Ölkə məhkəməsi korrupsiyalaşıb"
  06 Aprel 2023    Oxunub:1103
Gürcüstanın müxalifət partiyalarının nümayəndələri ABŞ-ın gürcü hakimlərə qarşı viza sanksiyaları tətbiq etmək qərarını alqışlayıb, bunu misilsiz adlandırıb və siyahının genişləndiriləcəyini istisna etməyib.
Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın sədri Levan Xabeişvilinin fikrincə, ABŞ-ın qərarı tarixidir və misilsizdir.

“Bu, Gürcüstanda klan, korrupsioner məhkəmənin olduğunu və bu korrupsiyalaşmış, siyasi motivli məhkəmənin qərarlarına əsasən bu gün cəza çəkən bütün siyasi məhbusların dərhal azadlığa buraxılmalı olduğunun əyani təsdiqidir”, - Xabeişvili brifinqdə deyib.

Onun sözlərinə görə, proses başlayıb və bu, Gürcüstan dövlətini məhv edən digər insanlar üçün siyasi siqnaldır.

"Bu mesaj sizin üçündür və siz növbəti sıradasınız", - Xabeişvili deyib.

Gürcüstanın keçmiş baş naziri, müxalifətdə olan “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxaria sosial şəbəkədəki səhifəsində ABŞ-ın qərarı ilə bağlı mövqeyini dərc edib.

“ABŞ-ın gürcü hakimlərinə qarşı sanksiya tətbiq etməsi aydın siqnaldır ki, məsuliyyət Gürcüstan demokratiyasına və qanunun aliliyinə xələl gətirənlərin hamısı üçün şəxsi olacaq. İndi əsas odur ki, ölkənin Avropa gələcəyi bundan əziyyət çəkməsin”,- Qaxariya yazıb.

"ABŞ-ın bu addımı Gürcüstan hökuməti üçün son hökmdür. Vaşinqton və Qərbin “Gürcü arzusu” hökumətinə etimad mandatını tamamilə və sondərəcə tükətdiyini təsdiqləyir", - bu barədə “Gürcüstan naminə Lelo” müxalifət partiyasının bəyanatında deyilir.

Gürcüstan Xarici İşlər Nazirliyi isə bildirib ki, ABŞ-ın gürcü hakimlərə qarşı sanksiyaları korrupsiya sübutları təqdim edilmədiyi təqdirdə iki ölkə arasında münasibətlərə xələl gətirəcək .

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünə: Levan Murusidze, Mixail Çinçaladze, İrakli Şengeliya və Valerian Tsertsvadzeyə eyni anda viza sanksiyaları tətbiq edib. Gürcüstan hakimləri “əhəmiyyətli korrupsiyada” ittiham olunublar.
Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti