Panama Trampın tələbi ilə razılaşıb?

   Panama Trampın tələbi ilə razılaşıb?
  06 Fevral 2025    Oxunub:288
Panama hakimiyyəti ABŞ-yə məxsus gəmilər üçün Panama kanalından keçid haqqını ləğv etmək qərarına gəlib.
AzVision.az ABŞ Dövlət departamentinin mətbuat xidmətinin “X” sosial şəbəkəsində yaydığı məlumata istinadən xəbər verir ki, Amerika gəmiləri indi Panama kanalından heç bir ödəniş etmədən keçə bilər. Bunun nəticəsində ABŞ hökuməti ildə milyonlarla dollara qənaət edəcək.

Lakin Panama kanalının idarəçisi ABŞ Dövlət departamentinin açıqlamalarını təkzib edib.

“ABŞ Dövlət departamentinin yaydığı məlumatlara cavab olaraq, kanaldan keçid üçün rüsumlar və digər ödənişləri təyin etmək səlahiyyətinə malik olan Panama Kanalı İdarəsi onlara heç bir düzəliş etmədiyini bildirir”, - məlumatda vurğulanır.

Qeyd edək ki, fevralın 2-də Panama prezidenti Xose Raul Mulino ABŞ-nin Dövlət katibi Marko Rubio ilə görüşdə Panamanın Çinlə “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində imzalanmış anlaşma memorandumunu yeniləməyəcəyini bildirib.

Bununla belə, Marko Rubio ABŞ prezidenti Donald Trampın Çinin regionda artan təsirinə görə kanalla bağlı status-kvonu saxlamaqdan imtina etdiyini Xose Mulinonun diqqətinə çatdırıb.

Panama kanalından keçən ABŞ gəmiləri üçün “gülməli dərəcədə yüksək tariflərdən” şikayətlənənə Tramp onu Vaşinqtonun nəzarətinə qaytarmaqla hədələyib. Xose Raul Mulino bu təhdidlərin cavabında kanalın hər metrinin Panamaya məxsus olduğunu deyib.

ABŞ lideri andiçmə mərasimindəki çıxışında Vaşinqtonun Panama kanalından imtina etmək barədə qərarını səhv adlandırıb: “Hazırda, Hərbi Dəniz Qüvvələrinin gəmiləri də daxil olmaqla, Amerika gəmiləri oradan keçid üçün artıq pul ödəyir. Kanal əslində Çin tərəfindən idarə olunur. Amma biz kanalı Çinə yox, Panamaya vermişik. İndi isə onu geri alırıq”.

1903-cü ildə Panamanın Kolumbiyadan ayrılmasını dəstəkləyən ABŞ-nin Panama ilə imzaladığı müqaviləyə görə Vaşinqton gələcək Panama kanalının ərazisindən “əbədi olaraq” istifadə və ona nəzarət etmək hüququnu aldı. Bu müqavilə çərçivəsində ABŞ-dən 10 milyon dollar alan Panama, habelə kanaldan istifadə üçün Amerikaya icarə haqqı təyin etdi.

Lakin Panamada anti-amerikan əhval-ruhiyyənin artması fonunda tərəflər 1977-ci ildə iki müqavilə imzaladılar. Onlardan biri 1999-cu ilə qədər kanalın idarə edilməsinin tamamilə Panama hakimiyyətinə veriləcəyini nəzərdə tuturdu.

“Daimi neytrallıq və Panama kanalının istismarı haqqında” ikinci müqaviləyə əsasən, ABŞ kanal zonasında hərbi obyektlər yerləşdirmək imkanını itirsə də, bu gəmiçilik marşrutu üzrə hərbi gəmilərin tranzit hüququnu özündə saxlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Panama   tələb  





Xəbər lenti