Cənubi Koreyada “DeepSeek” platformasına etibar etmirlər

   Cənubi Koreyada “DeepSeek” platformasına etibar etmirlər
  06 Fevral 2025    Oxunub:324
Cənubi Koreyanın Ticarət, Xarici İşlər və Müdafiə nazirlikləri öz kompüterlərində Çinin “DeepSeek” neyron şəbəkəsinə girişi bloklayacaqlar.
AzVision.az xəbər verir ki, bvu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“DeepSeek ilə bağlı həm ölkə daxilində, həm də xaricdə yaranmış çoxsaylı texniki problemlərə görə, biz xarici şəbəkələrə qoşulmuş fərdi kompüterlərdə xidmətə girişi bloklamağı planlaşdırırıq”, – Cənubi Koreyanın Maliyyə nazirliyinin adını açıqlamayan əməkdaşı agentliyə bildirib.

Bu qərar nazirliklərin generativ süni intellekt (AI) xidmətləri vasitəsilə kritik məlumatların mümkün sızmasının qarşısını almaq istəyi ilə bağlıdır. Bundan əlavə, bu neyron şəbəkənin istifadəsi Birləşmə nazirliyi tərəfindən də bloklanacaq: 2023-cü ildən bu qurumda bütün generativ xidmətlərə məxfi rəsmi məlumatların daxil edilməsi qadağan olunub.

Yanvarın 30-da Amerikanın “Wiz” kibertəhlükəsizlik şirkəti “DeepSeek” məxfi məlumatlarının açıq məkana sızdığını bildirmişdi. Amma şirkətin ABŞ-dən olan əməkdaşları məqsədyönlü şəklidə Çin startapının bazasını axtarmayıblar: onlar neyron şəbəkəni araşdırmaq istəyərkən sızmanı aşkar ediblər.

Çin startapları Trampı hərəkətə keçməyə vadar edib
Qeyd edək ki, yanvarın sonunda Çinin “DeepSeek-R1” neyron şəbəkəsinin Nvidia səhmlərini 600 milyard dollar dəyərində çökdürərək ən populyar tətbiqlərdən birinə çevrilməsi böyük rezonans doğurub.

“Ağ Ev, ABŞ Federal Təhqiqat Bürosu (FTB), “OpenAI” və “Microsoft” şirkətləri “DeepSeek”-lə bağlı araşdırmaya başlayıb. Çünki Çin platformasının tərtibatçıları “ChatGPT AI” məlumatlarına qeyri-qanuni giriş əldə edərək və bu neyron şəbəkəsindən özlərinin təlimləri üçün yararlanınblar”, - “Bloomberg” agentliyi yanvarın sonunda yazmışdı.

“DeepSeek” platforması 2023-cü ildə Çinin Hançjou şəhərində əsası qoyulmuş eyniadlı şirkət tərəfindən hazırlanıb. Onun sahibi qiymətli kağızların ticarəti üçün alqoritmlərin hazırlanmasında süni intellektdən istifadəyə yönəlmiş “High-Flyer” hedcinq fondudur. Çatbot həm mobil proqram, həm də veb-səhifə formatında bütün dünyada istifadəçilər üçün əlçatandır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Seul   “DeepSeek”  





Xəbər lenti