Azərbaycan Bakıdakı “Rus evi”nin bağlanmasını tələb edib

   Azərbaycan Bakıdakı “Rus evi”nin bağlanmasını tələb edib
  06 Fevral 2025    Oxunub:276
Azərbaycan hakimiyyəti faktiki olaraq “Rossotrudniçestvo”nun ölkədəki nümayəndəliyinin bağlanmasını tələb edib. Bu, qurumun hüquqi qeydiyyatının olmaması ilə bağlıdır.
AzVision.az xəbər verir ki, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Rossiya 24” telekanalının efirində Azərbaycan tərəfindən belə tələbin qoyulduğunu təsdiqləyib.

“Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyi, nümayəndəliyimiz və Xarici İşlər nazirliyi bütün bu illər ərzində dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə nazirliyinə və Xarici İşlər nazirliyinə qeydiyyatdan keçmək üçün kömək xahişi ilə müraciət edib. Biz bunu etməyə həmişə hazır idik, lakin çaöırışlarımız cavabsız qaldı”, - Primakov iddia edib.

Onun sözlərinə görə, məsələnin həlli barədə qərar vermək həmişə Azərbaycan tərəfinin səlahiyyətində olub.

Bakıdakı “Rus evi” “Rossotrudniçestvo”nun maraqlarını təmsil edir. O, 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş əsasında yaradılıb. “Rus evi”nin işinin əsas istiqamətləri rus mədəniyyətinin, elminin və təhsilinin təbliği, rus dilinin mövqeyinin möhkəmləndirilməsi, həmvətənlərin dəstəklənməsi, gənclərin layihələri, beynəlxalq inkişafa köməklik, tarixi və xatirə fəaliyyətləridir.

Daha əvvəl Azərbaycanın “Report” nəşri mənbələrə istinadən Bakının “Rossotrudniçestvo” agentliyinin ölkədəki fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya rəsmi bildiriş göndərdiyini yazmışdı.

“Ölkəmiz özü donora çevrilib və kənar köməyə ehtiyac yoxdur”, - nəşr mənbənin dediklərindən sitat gətirir.

Bununla belə, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyindən işin “normal qaydada” davam edəcəyi bildirilib.

USAID-in Azərbaycanda fəaliyyəti dayandırılıb
Xatrıladaq ki, bundan bir qədər əvvəl Bakı Amerikanın USAID proqramının da ölkədə bağlanmasını tələb edib. Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə verdiyi açqıalmada təşkilatın ölkədə fəaliyyəti üçün heç bir hüquqi əsası olmadığını vurğulayıb.

Donald Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra dünyanın ən böyük beynəlxalq yardım agentliklərindən biri olan USAİD-in proqramlarını 90 gün müddətinə dondurub. Yeni administrasiya qurumun fəaliyyət şərtlərinə yenidən baxacaq.

ABŞ-nin Dövlət katibi Marko Rubionun sözlərinə görə, proqramların maliyyələşdirilməsinə qoyulan qadağanı pozan USAİD Dövlət departamentinin yeni rəhbərliyi ilə lazımi şəkildə əməkdaşlıq etmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti