ŞABAK-ın rəhbəri Netanyahunu ittiham edib

   ŞABAK-ın rəhbəri Netanyahunu ittiham edib
  22 Aprel 2025    Oxunub:345
İsrailin Baş Təhlükəsizlik Xidmətinin (Şin-Bet və ya ŞABAK) rəhbəri Ronen Bar bir neçə həftədir davam edən ixtilaf fonunda baş nazir Benyamin Netanyahuya qarşı ciddi ittihamlar səsləndirib.
AzVision.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, söhbət xüsusilə, Vəkillər Kollegiyasının iddiasına görə, Netanyahunun Bardan “şəxsi sədaqət” və konstitusiya böhranı halında ölkənin Ali Məhkəməsinə (Ali Ədalət Məhkəməsi, BAQATS) yox, şəxsən ona tabe olmağı tələb etməsindən gedir.

Xatırladaq ki, mart ayının sonunda Binyamin Netanyahu Ronen Barı tutduğu vəzifədən azad edib və buna səbəb kimi onun “etibarsızlığını” göstərib. Nazirlər Kabineti martın 20-də bu qərarı yekdilliklə təsdiqləyib. Lakin ŞABAK rəhbərinin istefası İsraildə etirazlara səbəb olub və hökumətin qərarını ləğv etmək üçün Ali Məhkəmədə iddialar qaldırılıb.

Aprelin 8-də məhkəmə Barın işdən çıxarılması ilə bağlı qaldırılan vəsatətlər üzrə yekun qərar qəbul edəcəyinə qədər onun öz vəzifəsində qalması barədə müvəqqəti verdikt qəbul edib. Həmin vaxta qədər hökumət Ronen Barın potensial varisləri ilə danışıqları davam etdirə bilər. Lakin sənədə əsasən, hökumət daimi və ya müvəqqəti olaraq Şin-Betə rəhbər təyin edə bilməz.

Aprelin 21-də onun işdən çıxarılmasına dair qərarın ləğvinə dair iddialarla bağlı məhkəməyə verdiyi rəsmi açıqlamada Ronen Bar, vəzifədən uzaqlaşdırılmasının səbəbinin məhz “sədaqət” gözləntilərini yerinə yetirməkdən imtina etməsi ilə əlaqələndirib. Söhbət ŞABAK-ın rəhbərinin İsrailin baş nazirinin etibarlı şəxsləri barədə aparılan araşdırmalarla bağlı verdiyi qərarlardan gedir.

- onun Netanyahuya cinayət məhkəməsində ifadə verməkdən yayınmasına kömək etməkdən boyun qaçırması;
- Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun siyasi nəticələri.


Ronen Bar həmçinin, onun özünün və ŞABAK-ın HƏMAS-ın İsrailə qarşı planlaşdırdığı hücumla bağlı xəbərlərə malik olduğu halda, baş nazir Netanyahunu bundan məlumatlandırmadığı barədə ittihamları rədd edib. Bununal belə, Bar tezliklə Şin-Betin rəhbəri postundan gedəcəyi tarixini açıqlayacağına söz versə də, bununla bağlı məhkəmənin qərarının “onun şəxsi vəziyyətindən daha vacib” olduğunu vurğulayıb.

“Binyamin Netanyahu Barın bəyanatını “yalan iddialar” adlandırıb. Onun ofisi isə bildirib ki, Şin-Bet rəhbərinin agentliyin uğursuzluqlarını etiraf etməsi Barın hökumətin qərarı ilə işdən çıxarılmasına haqq qazandırıb. Amma məhkəmə baş nazirdən Barın rəsmi bəyanatına münasibət bildirməsini istəyib”, - “The Times of Israel” yazır.

Qeyd edək ki, digər məsələlərlə yanaşı, ŞABAK İsrail hökumətinin 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları tərəfindən israillilərin kütləvi şəkildə öldürülməsini mümkün edən uğursuzluqlarını da araşdırır. Bundan əlavə, kəşfiyyat agentliyi Netanyahunun etibarlı adamları ilə Qətər arasında iddia olunan qanunsuz əlaqələrlə bağlı da təhqiqat aparır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bar   Netanyahu   ittiham  





Xəbər lenti