Fransada yenə həbsxanalara hücumlar olub

   Fransada yenə həbsxanalara hücumlar olub
  21 Aprel 2025    Oxunub:583
Aprelin 21-nə keçən gecə Fransada həbsxanalara və penitensiar sistem işçilərinə qarşı yeni hücum dalğası qeydə alınıb.
AzVision.az xəbər verir ki, Fransanın Ədliyyə naziri Jerald Darmanenin bəyanatına istinad edən “Le Figaro” qəzetinin yazdığına görə, dəhşətli hücumlar dövlətin həbs yerlərində nəzarəti və asayişi gücləndirdiyi bir vaxtda baş verib. İtki olmasa da, nazir insidenti “ Respublikanı qorxutmaq cəhdi” kimi qiymətləndirib.

“FO Justice” Həmkarlar İttifaqı Lion-Korbas həbsxanasının avtomobil parkında iki avtomobilin yandırıldığını bildirib. Cinayətkarlar həbsxana əməkdaşının yaşadığını düşündükləri yaşayış binasına da səhvən hücum ediblər.

Fransada həbsxanalara hücum olub
Bu hərəkətləri “alçaq və qorxaqcasına akt” kimi pisləyən “FO Justice” Həmkarlar İttifaqı dərhal işçiləri müdafiə etməyə, sürətli araşdırmaya, məhkəmələrdən və rəhbərlikdən sərt reaksiya verməyə çağırıb.

Xatırladaq ki, bu, həbsxanalara ilk gecə hücumu deyil. Aprelin 15-dən Fransanın müxtəlif şəhərlərində penitensiar müəssisələrə və onların əməkdaşlarının avtomobillərinə hücumlar qeydə alınıb.

Fransa prezidenti Emmanuel Makron bütün günahkarların tapılaraq cəzalandırılacağına söz verib. Daxili İşlər naziri Bruno Retayo hücumların arxasında narkotik tacirlərinin olduğu iddiasını irəli sürüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Fransa   həbsxanalar   hücum  





Xəbər lenti