ABŞ-Hindistan münasibətləri güclənir

   ABŞ-Hindistan münasibətləri güclənir
  22 Aprel 2025    Oxunub:423
Hindistanın baş naziri Narendra Modi və ABŞ-nin vitse-prezidenti Cey Di Vens ikitərəfli ticarət sazişi üzrə danışıqlarda irəliləyiş olduğunu bildiriblər.
AzVision.az Hindistan hökumətinin başçısının ofisinin yaydığı məlumata istinadən xəbər verir ki, tərəflər “energetika, müdafiə, strateji texnologiyalar və digər əsas sahələrdə əməkdaşlığı gücləndirmək üçün səylərin davam etdirildiyini” vurğulayıblar.

Cey Di Vens ailəsi ilə birlikdə Hindistanda dörd günlük səfərdədir. Nyu-Dehli səfərin məhsuldar olacağına ümid edir. Vensin hind əsilli həyat yoldaşı Uşanın Hindistanın cənubundakı Andhra-Pradeşin cənub əyalətindən olması bu ümidi daha da gücləndirir.

Son aylarda Hindistan bir sıra mallara tarifləri azaltmaqla və Amerika məhsullarının alışını artırmağa hazır olduğunu bildirməklə, ABŞ ilə razılaşma istiqamətində addımlar atıb. Nyu-Dehli 26 faizlik tariflərdən qaçmaq üçün 90 günlük fasilə ərzində razılığa gəlməyə ümid edir.

“Bu səfər ikitərəfli münasibətlərdəki tərəqqi və baş nazirin ABŞ-yə səfəri zamanı 13 fevral 2025-ci ildə qəbul edilmiş Hindistan-ABŞ Birgə Bəyanatının icrasını nəzərdən keçirmək imkanı verəcək. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar”, - Hindistanın Xarici İşlər nazirliyi bundan əvəvl bildirmişdi.

“The Economic Times” nəşrinin yazdığına görə, səfər zamanı heç bir sazişin imzalanması gözlənilməsə də, iki hökumət müdafiə və ticarət sahələrində böyük tərəfdaşlıq üçün zəmin yaradır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Hindistan  





Xəbər lenti