BMT “Pasxa atəşkəsi”nə münasibət bildirib

   BMT “Pasxa atəşkəsi”nə münasibət bildirib
  22 Aprel 2025    Oxunub:341
Rusiya lideri Vladimir Putinin 30 saatlıq “Pasxa atəşkəsi” elan etməsinə baxmayaraq, Rusiya və Ukrayna döyüşləri dayandırmayıblar.
AzVision.az xəbər verir ki, BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik belə bəyanatla çıxış edib.

“Biz atəşkəs bəyanatını və həmçinin, hər iki tərəfin döyüşləri davam etdirməsini nəzərə almışıq. BMT rəhbərliyi “BMT qətnamələrinə, beynəlxalq hüquqa və Ukraynanın ərazi bütövlüyünə hörmət” əsasında müharibəni dayandırmağa çağırır. Biz bu müharibəyə, Rusiyanın Ukraynaya təcavüzünə son qoymaq istəyirik”, - Düjarrik vurğulayıb.

Onun sözlərinə görə, BMT-nin ticarət və inkişaf üzrə Konfransının baş katibi Rebekka Qrinspen “atəşkəs müzakirələrində iştirak edən müxtəlif tərəflərlə əlaqə saxlayır”.

Zelenski Putinin "Pasxa Atəşkəsini" yalanlayıb
Xatırladaq ki, aprelin 19-da Rusiya prezidenti Vladimir Putin gözlənilmədən birtərəfli qaydada 30 saatlıq “Pasxa atəşkəsi” elan edib.

“The Wall Street Journal (WSJ)” qəzeti bu qərarın Putinə çox risk etmədən asan diplomatik qələbə qazandırdığını yazıb.

Lakin Ukrayna prezidenti Volodimir Zelenskinin iddiasına görə, Rusiyanın atəşkəs barədə elanına rəğmən, aprelin 20-də cəbhənin bir sıra bölgələrində döyüşlər davam edib və Rusiyanın atəşi dayanmayıb. O, bildirib ki, Putinin “Pasxa bəyanatları” Rusiyanın Kursk və Belqorod vilayətlərinin ərazilərinə şamil olunmayıb.

Sahil İsgəndərov
AzVision.az










Teqlər:   BMT   Rusiya   atəşkəs  





Xəbər lenti