Fransa XİN: "Qəzzada üçüncü dövlətin yeri yoxdur"

      Fransa XİN:    "Qəzzada üçüncü dövlətin yeri yoxdur"
  05 Fevral 2025    Oxunub:419
Fransanın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın "Qəzza zolağının ABŞ tərəfindən nəzarətə götürlməsi"nə dair planına reaksiya bildirib.
Bu barədə nazirliyin saytında yerləşdirilən bəyanatda rəsmi Parisin Qəzzada yalnız iki dövlətli həll yolunu dəstəklədiyi vurğulanırr.

"Bu həll yolu həm israillilər, həm də fələstinlilər üçün uzunmüddətli sülh və təhlükəsizliyin yeganə təminatıdır. Fransa Qəzza əhalisinin hər hansı digər əraziyə köçürülməsinin əleyhinədir. Belə bir plan beynəlxalq hüququn ciddi şəkildə pozulması, fələstinlilərin qanuni istəklərinə hücum aktıdır. Eyni zamanda, yaxın tərəfdaşlarımız Misir və İordaniya (Qəzzada müharibənin həlli üzrə vasitəçilər - red.) və ümumiyyətlə, bütün region üçün təhlükədir. Qəzzanın gələcəyi üçüncü dövlətin nəzarəti altında yox, mütləq surətdə Fələstin Muxtariyyətinin himayəsi altında görülməlidir", - nazirlik bildirir.

Bəyanat həmçinin HƏMAS terror təşkilatının aradan qaldırılması və Qəzzanın idarəsindən uzaqlaşdırılmasının vacibliyini diqqətə çatdırır.
Abbas: "Trampın Qəzzanı ələ keçirmə planı yolverilməzdir"

Xatırladaq ki, Donald Tramp ötən günlərdə "Qəzza zolağının xarabalığa, təhlükəli zonaya çevrildiyi" arqumentini irəli sürərək, sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələrinin vacibliyini vurğulayıb. Bu təklif istər regional qüvvələr, istərsə də regiondan kənardakı ölkələr tərəfindən birmənalı qarşılanmayıb. O, ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda birgə mətbuat konfransında isə təklifini daha da irəliyə apararaq, Qəzza üçün xüsusi planını diqqətə çatdırıb.

"ABŞ Qəzza zolağını nəzarətə götürəcək, orada görəcəyimiz işlər var. Belə ki, bütün partlamamış bombaları və digər silahları aradan qaldıracaq, xarabalıqları təmizləyəcək, qaydasına salacaq, əhali üçün qeyri-məhdud ev və iş yerləri yaradıb iqtisadi inkişafa çatacağıq", - Tramp vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   Qəzza   ABŞ   plan   etiraz  





Xəbər lenti