İsrail fələstinliləri Qəzzadan köçürür

   İsrail fələstinliləri Qəzzadan köçürür
  06 Fevral 2025    Oxunub:284
İsrailin müdafiə naziri İsrael Kats ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü plan fonunda İsrail Silahlı Qüvvələrinə fələstinlilərin Qəzza zolağından könüllü surətdə çıxmaları üçün konkret plan hazırlamaq barədə əmr verib.
"The Times of Israel"in nazirliyin istinadən yaydığı məlumata görə, Kats ABŞ liderinin "cəsarətli təklifini alqışlayıb". O bildirib ki, belə bir köç prosesi Qəzza əhalisinin böyük bir hissəsinin "dünyanın müxtəlif yerlərinə yerləşməsi" üçün şərait yaradacaq.

"Nəzərə almaq lazımdır ki, HƏMAS terror təşkilatı bu insanları canlı qalxan kimi görür, onların daxilində terror infrastrukturu yaradır. Terrorçular əhalini əsir saxlayır, onlardan humanitar yardım adı altında pul qoparır, təhlükəsiz əraziyə getmələrinə icazə vermir. Bütün bu vəziyyəti nəzərə alaraq, istənilən sakinin istənilən yerə könüllü mühacirətinə imkan yaradılması üçün orduya əmr verdim. Proses quru yolu ilə yanaşı dəniz və hava yolları vasitəsilə də həyata keçirilə bilər", - nazir vurğulayıb.

Onun fikrincə, qəzzalıların xüsusilə İspaniya, İrlandiya, Norveç və s. ölkələrə təhlükəsiz şəraitdə köçmələri mümkündür.

(İsrailin müdafiə naziri İsrael Kats)

"Çünki bu ölkələr HƏMAS-a qarşı mübarizəmizlə əlaqədar yalan ittihamlar irəli sürüb. Onlar fələstinlilərə sığınacaq verməsələr, deməli, ikiüzlüdürlər. Kanadanın da mütəşəkkil immiqrasiya proqramı var. Üstəlik, rəsmi Ottava dəfələrlə bildirib ki, Qəzza sakinlərinin qəbuluna hazırdır. Dünyanın hər yerindəki kimi qəzzalıların da ölkədən çıxma və mühacirət azadlığına icazə verilməlidir", - Kats söyləyib.

Xatırladaq ki, Donald Tramp ötən günlərdə "Qəzza zolağının xarabalığa, təhlükəli zonaya çevrildiyi" arqumentini irəli sürərək, sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələrinin vacibliyini vurğulayıb. Bu təklif istər regional qüvvələr, istərsə də regiondan kənardakı ölkələr tərəfindən birmənalı qarşılanmayıb. O, ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda birgə mətbuat konfransında isə təklifini daha da irəliyə apararaq, Qəzza üçün xüsusi planını diqqətə çatdırıb.
İran XİN: "Trampın Qəzza planı Fələstin xalqına zərbədir"

"ABŞ Qəzza zolağını nəzarətə götürəcək, orada görəcəyimiz işlər var. Belə ki, bütün partlamamış bombaları və digər silahları aradan qaldıracaq, xarabalıqları təmizləyəcək, qaydasına salacaq, əhali üçün qeyri-məhdud ev və iş yerləri yaradıb iqtisadi inkişafa çatacağıq", - Tramp vurğulayıb.

ABŞ liderinin planı istər İsraildə, istərsə də ABŞ-də müsbət qarşılanıb. İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən planı "yaxşı fikir" kimi qiymətləndirib. Digər tərəfdən, Fələstin Muxtariyyəti və HƏMAS terror təşkilatı, eyni zamanda, bir sıra Avropa ölkəsi, o cümlədən Fransa belə bir plana etiraz bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   ABŞ   Qəzza   köç   plan  





Xəbər lenti