“Layk”emiya xəstəliyi
// Bəyənilmək dərdi hansı fəsadlara səbəb olur
Depressiya ilə sosial media arasında əlaqə var. Pittsburq Universitetinin tədqiqatçıları 19-32 yaş arasında olan 1787 nəfər amerikalı arasında sorğu keçirib və Facebook, Twitter və Reddit kimi saytların ən aktiv istifadəçilərində depressiya hallarının onlardan az istifadə edənlərə nisbətən üç dəfə çox olduğunu aşkarlayıblar. Başqa bir araşdırmaya görə, insanlar sosial mediada nə qədər az vaxt keçirsələr, depressiya və tənhalıq əlamətləri bir o qədər az olar. İnsan başqasının həyatını izləməyə nə qədər çox vaxt sərf edərsə, bu, bir o qədər artıq xoşagəlməz təsir buraxa bilər.
Sosial şəbəkələrin alqoritmləri elə qurulub ki, biz bəyənmə, repost və digər reaksiyalar yarada bilən paylaşımları görürük. Yazıların məzmunu önəmli deyil. Bu səbəbdən də uğur meyarı daim qeyri-müəyyən görünür və ona uyğunlaşmaqla bağlı həyəcanımız artır.
Bəzi tədqiqatçılar deyirlər ki, bəyənmələrin mənfi və müsbət təsiri insanın sosial mediada özünə (self-oriented), yoxsa başqalarına (others-oriented) meyilli olmasından asılı ola bilər. Məsələn, iki cür istifadəçi var - gəlin, onları şərti olaraq Məmməd və Əhməd adlandıraq. Məmməd əsasən məzmun istehsal edir: şəkillərini, həyatı ilə bağlı xəbərləri paylaşır, müxtəlif mövzularda fikirlərini bölüşür. Əhməd isə başqalarının etdiklərini bəyənir. Nəzəri olaraq Əhməd daha məmnun olmalıdır, çünki müntəzəm dəstək alır. Amma araşdırmalar göstərir ki, məsələ bu qədər də bəsit deyil. Çünki özünə vurğun insanlar sosial şəbəkədə özlərini yaxşı hiss etmirlər. Paylaşımlarına arzuladıqları reaksiyaların olmaması depressiyaya səbəb ola bilər.
Kornuell Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, həyatında hər hansı mühüm məqsədi olan insanlar sosial mediadakı rəylərə daha az həssasdırlar. Güclü, məqsədyönlü insanlar əmindirlər ki, həyatlarında onları xoşbəxt edəcək çox şey var. Tədqiqatın müəlliflərindən biri Entoni Berrou deyir: “Biz aşkarladıq ki, aydın məqsədlərin olması insanların virtual rəyləri daha rahat qəbul etmələrinə imkan verir. Belə insanlar istər müsbət, istərsə də mənfi rəylərdən daha az təsirlənirlər. Əgər reaksiyalar əhəmiyyətli insanlardan gəlməyibsə və vacib şeylərə toxunulmayıbsa, iştirakçılar bunu daha çox hay-küy kimi qəbul edirlər”.
Berrounun həmkarı Nikolette Rainonun fikrincə, insanlar məqsədyönlü olmadıqda müsbət reaksiya alsalar belə, öz maraqlarına zidd hərəkət edə bilərlər. Məqsədin varlığı emosional sabitliyi qoruyur ki, bu da uğurlu özünüreallaşdırma üçün çox vacibdir.
“Layk” uğrunda virtual mübarizədə kimin daha çox travma alacağını təxmin etmək olarmı?
Risk faktorlarından biri uşaqlıqda rədd edilmə təcrübələridir. Bağlanma (sevgi) duyğusu zəif insanlar da sosial mediadan asılılığa meyilli olurlar. Bağlanma (sevgi) pozğunluğunun əlamətlərindən biri də daimi rəddedilmə qorxusudur. Belə insanlar özlərini daim başqaları ilə müqayisə edirlər. Onlar sosial mediaya dəstək tapa biləcəkləri yer kimi baxmağa meyil edirlər. Lakin daha çox narahatlıqlarını artırırlar.
Bu hal tanınmağa xüsusilə maraq göstərən, eyni zamanda rədd cavabına qarşı həssas olan yeniyetmələr üçün xarakterikdir. Laykların əhəmiyyəti məhz bu yaş qrupunda olanlar üçün maksimaldır. Moskva Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, bəyənmələrin çoxluğu yeniyetmələri internetdəki yad adama inanmağa sövq edir.
Sosial şəbəkələrdə insanları mənfi təsirlərdən kimin qorumalı olduğu sualı ətrafında ciddi müzakirələr gedir. “Boğulanların xilası” onların öz işidirmi? Onda istifadəçi özü öz qayğısına qalmalı, günün yarısını sosial şəbəkələrdə oturmamalı, ona pis təsir edənləri izləməməli, özünü inkişaf etdirməli, lazım gəldikdə psixoloqa müraciət etməlidir.
Başqa bir fikir də var: virtual platformaların arxitekturası bizi müəyyən şəkildə davranmağa sövq edir.Massaçusets Texnologiya İnstitutunun professoru Sinan Aral “The Hype Machine” kitabında sosial medianı insan emosionallığını istismar etməkdə günahlandırır.
- Bu, yaxşı dizayn edilmiş, düşünülmüş, maksimal hədəfləri olan maşındır, - Aral yazır. - Sosial medianın sənaye kompleksini idarə edən biznes modellərinin müşahidə etdiyimiz nəticələrlə dərin əlaqəri var. Şirkətlər sizin orada iştirakınızı istəyir. Bəs bunu necə təmin edirlər? Kiçik dozalarda dofamin vurmaqla. Ona görə də mən bunu “şpris maşını” adlandırıram. Nə qədər ki bu iş mənfəət gətirir və şirkətlərin genişlənməsinə kömək edir, onlar ciddi dəyişikliklər etməyəcəklər.
Harvard Tibb Məktəbinin psixoloqu, əsəb pozğunluqları problemini araşdıran Jaklin Sperlinqə görə, “layk”ların rolunu azaltmaq alqışlanmalı qərar olsa da, çözüm deyil. Biz bir addım geri çəkilməli və texnologiyanın cəmiyyətdə oynadığı rola həzz alma ehtiyacımız prizmasından baxmamalıyıq. Sperlinq bəyənmələri məhdudlaşdırmaqla yanaşı, platformalara insanları təkbətək ünsiyyətə və oflayn fəaliyyətlərə həvəsləndirməyi təklif edir: "Mən istifadəçinin passivliyini dəstəkləyən, az səy müqabilində tez mükafatlar vəd edən mexanizmlərdən imtinanı təklif edərdim. Alqoritmləri elə qurmaq lazımdır ki, onlar görüşləri təşviq etsinlər, önəmli münasibətlər qurmağa kömək göstərsinlər. Məsələn, ünsiyyət üçün yaxşı münasibət qura biləcəyimiz insanların geniş seçimini təqdim etsinlər”.
Samir Quliyev
AzVision.az
Teqlər: Sosial-şəbəkə