Dehli 2,3 milyardlıq PUA-ları Çin detallarına görə qəbul etmədi

   Dehli 2,3 milyardlıq PUA-ları Çin detallarına görə qəbul etmədi
  07 Fevral 2025    Oxunub:320
Hindistanın Müdafiə Nazirliyi 400 Pilotsuz Uçan Aparatın(PUA) tədarükü ilə bağlı üç müqaviləni ləğv edib. Buna səbəb PUA-larda Çin istehsalı olan komponentlərdən istifadə edilməsi olub.
Bu barədə “Times of India” qəzeti nazirlikdəki mənbələrə istinadən məlumat yayıb.

Anti-dron yarışı: Kim qabaqdadır? | ARAŞDIRMA
Nəşr qeyd edib ki, ləğv edilmiş müqavilələrdə 200 orta hündürlüklü, 100 ağır və 100 yüngül logistik pilotsuz uçan aparat nəzərdə tutulubmuş. Onların ümumi dəyəri 2,3 milyard rupidən (26,3 milyon dollar-red.) çox olub. Müqavilələr "Ordunun Fövqəladə Təchizatı- 2023" çərçivəsində Çennayda yerləşən şirkətlərdən biri ilə imzalanıb. Bu dronlar isə ilk növbədə Çinlə 3488 kilometrlik ərazidə, nəzarət xətti boyunca yerləşdirilməsi üçün nəzərdə tutulubmuş.

"Təəssüf ki, bəzi Hindistan şirkətləri ordu üçün istehsal etdikləri pilotsuz təyyarələrdə Çin komponentləri və elektronikasından istifadə edirlər. Bu, ciddi kibertəhlükəsizlik təhdididir, məlumat və əməliyyatları poza bilər. Düşmən pilotsuz təyyarəni nəzarətə götürə və ya onu elektron vasitələrlə "boğaraq" məhv edə bilər. Bu cür elektronikalarda təhlükəsizlik tədbirlərindən yan keçən "arxa qapı"lar ola bilər",- nəşr yazıb.

Qəzet yazıb ki, əslində Hindistan ordusu Çin və Pakistanla sərhədlərdə kəşfiyyat, müşahidə və digər missiyaları həyata keçirən zaman dronların kütləvi şəkildə nasazlığı problemi ilə üzləşdikdən sonra bu istiqamətdə tələblər sərtləşdirilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   PUA   Çin   Hindistan  





Xəbər lenti