Sahibkarlar sənaye zonalarına 6,9 milyard manat investisiya yatırıb

   Sahibkarlar sənaye zonalarına 6,9 milyard manat investisiya yatırıb
  06 Fevral 2025    Oxunub:356
2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə tərəfindən ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradılıb.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib. Onun sözlərinə görə, bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır:

Seymur Adıgözəlov: 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırır
"Sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb. Həmçinin növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur".

Seymur Adıgözəlov vurğulayıb ki, 2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixracın payına düşür.


AzVision.az



Teqlər:   Aropark  





Xəbər lenti