Macarıstan iki ukraynalı diplomatı ölkədən qovub

Macarıstan iki ukraynalı diplomatı ölkədən qovub
  09 May 2025    Oxunub:442
Macarıstan hökuməti iki ukraynalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbuk səhifəsində məlumat verib.

“Bu gün biz Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu ölkədən çıxardıq. Müvafiq qərar və nota Ukraynanın Budapeştdəki səfirinə burada, Xarici İşlər Nazirliyində təqdim olunub”, - o yazıb.

Siyartonun sözlərinə görə, irimiqyaslı müharibə başlayandan bəri Ukraynada anti-macar təbliğatı güclənir. Eyni zamanda, XİN başçısı paylaşımında Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Ukrayna ərazisində fəaliyyət göstərən macar hərbi kəşfiyyat agentləri şəbəkəsinin ifşası ilə bağlı məlumatını şərh etməyib.

O, yalnız bildirib ki, yeni böhtan kampaniyasının səbəbi Budapeştin Ukraynaya silah verməkdən imtina etməsi və Macarıstan hökumətinin münaqişənin sülh yolu ilə həlli lehinə mövqeyidir.

Xatırladaq ki, bu gün daha öncə UTX Zakarpatya bölgəsində fəaliyyət göstərən iki macar hərbi casusun saxlanılması barədə məlumat vermişdi. Saxlanılanlar hərbi şəraitdə dövlətə xəyanətdə şübhəli bilinirlər. Onları ömürlük həbs gözləyir.

Siyarto bu xəbəri mediaya şərh edərkən bunun “Ukrayna təbliğatının” bir hissəsi olduğunu söyləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti