"Heydər Əliyevin əmanəti etibarlı əllərdədir"

"Heydər Əliyevin əmanəti etibarlı əllərdədir"
  09 May 2025    Oxunub:579
Bu gün Dövlət Komitəsinin kollektivi olaraq Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdik. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan və dağılmaq təhlükəsi ilə üz-üzə qalan olkəmizi parçalanmadan, vətəndaş qarşıdurmasından xilas edən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin hüquqi, iqtisadi və ideoloji əsaslarını yaratdı. Neytrallıq və balans prinsiplərinə əsaslanan xarici siyasət xətti müəyyənləşdirdi.
Bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya aiddir. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan neft strategiyasını reallaşdırmaqla Azərbaycanın beynəlxalq iqtisadi arenaya inteqrasiyasını həyata keçirməyə başladı:

"Ölkədə sosial-iqtisadi humanitar-mədəni və hərbi-siyasi sahədə ciddi dəyişikliklərə gətirib çıxaran addımlar atdı, gələcək üçün vacib qərarlar qəbul etdi. Peşəkar milli ordu quruculuğuna start verməklə bu vcib sahədə əsaslı dönüşü təmin etdi. Müdafiə sənayesi və hərbi idarəetmə sistemləri gücləndirildi, müharibə şəraitində olan ölkə üçün sabit hərbi-siyasi xətt təmin edildi.

Çeşidli maraqlı dairələrin körüklədiyi regional separatçılıq, siyasi ekstremizm və anarxiya meyllərini neytrallaşdırdı. Müxtəlif siyasi qüvvələrlə dialoqa əsaslanan milli həmrəylik platforması quruldu.Daxili sabitliyin və siyasi vəhdətin təmin olunması üçün bütün qüvvələr xüsusilə xalqın gücü səfərbər edildi".

Komitə sədri bildirib ki, tarixə, mədəniyyətə və dilə milli kimliyin əsas dayaqları kimi yanaşan Heydər Əliyev “Azərbaycançılıq” məfkurəsinin dövlətin ideoloji əsası kimi qəbul edilməsinə nail oldu:

"Milli-mənəvi dəyərlərin qorunması və gələcəyə ötürülməsi məsələsində gəncliyin rolunun artırılmasına və elmin inkişafına dair yeni standartlar formalaşdırdı. Gənclərin hərtərəfli inkişafı məsələləri dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Təhsil və elmi kadr potensialının formalaşması üçün fundamental qərarlar qəbul olundu.

Qadınların cəmiyyətin inkişafında hərtərəfli iştirakının dəstəklənməsi, hüquqlarının qorunması və imkanlarının genişləndirilməsi üçün hüquqi əsasların formalaşmasına böyük töhfələr verdi.

Tarixi varislik və siyasi davamlılıq məsələlərini diqqətdə saxlayaraq, onun təmin olunması üçün güclü siyasi təşkilatı,aydın və hədəfləri bəlli ideya-siyasi xətti formalaşdırdı və qüdrətli siyasi varisini yetişdirdi
Gələcək Qüdrətli, Zəngin və Suveren Azərbaycan Quruculuğu prosesini xalqın dəstəyi ilə ona həvalə etdi.

İndi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti adlı "Əmanəti" çox etibarlı əllərdədir.Onun qarşısında açılan geniş üfüqlərdə davamlı sülh,sabitlik və təhlükəsizlik, rifah və çiçəklənmə, həmrəylik və ədaləti təmin edən güclü dövlət və sağlam cəmiyyət quruculuğunu möhkəmləndirmək, Qərbi Azərbaycana dönüşü də nəzətdə tutan 'Böyük Qayıdış"ı başa çatdırmaq kimi aydın hədəflər dayanır.

Hər keçən gün bizi bu hədəflərimizə yaxınlaşdırmaqla yanaşı,bu irsin qorunması təbliği və təşviqi məsələlərini diqqətdə saxlamağı və onu gələcəyə daşımağı tələb edir. Ehtiram və minnətdarlıq hissi ilə anırıq... "

AzVision.az


Teqlər: Ulu-Öndər  





Xəbər lenti