"Heydər Əliyevin yolu Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yoludur"

"Heydər Əliyevin yolu Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yoludur"
  09 May 2025    Oxunub:521
Heydər Əliyevin müəyyən etdiyi yol Azərbaycanın inkişafı, rifahı, çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi yoludur.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə növbəti dəfə Azərbaycanın Ümumilli lideri, Azərbaycan dövlətinin qurucusu və Azərbaycan dövlətçiliyini xilas etmiş Ulu öndər Heydər Əliyevin xatirəsi qarşısında ehtiram borcumuzu verməyə gəlmişik və görürsünüz ki, bu xiyaban hər gün dolur, boşalır və elə bir gün, elə bir an yoxdur ki, Ümummilli Lider həm azərbaycanlılar, həm də onu tanıyan şəxslər, dünya liderləri və ictimai xadimlər, siyasi xadimlər tərəfindən xatırlanmasın.

Bu da təbiidir, çünki yalnız öz xalqının deyil, bütün bəşəriyyətin inkişafı və əminamanlıq, sülh, təhlükəsizlik naminə çalışan bəşəri ideyaları həmişə irəli sürüb onun arxasında dayanan və öz xalqını bütün təhlükələrdən qoruyaraq inkişafa doğru aparan liderlər hər zaman beynəlxalq, ictimai, siyasi proseslərin vacib fiqurlarından sayılır", - deyə o əlavə edib.

Bahar Muradova bildirib ki, onun irəli sürdüyü ideyalar yalnız onun yerinə yetirəcəyi vəzifələr deyil.

"Bununla bağlı həm xalqımızın, həm dövlətimizin, həm də hər bir vətəndaşın, hər bir fərdin qarşısında vəzifələr müəyyənləşdirib ki, biz ömür boyu nə qədər yaşayırıqsa, o vəzifələrimizi yerinə yetirməliyik və xalqımıza, dövlətimizə xidmət etməliyik.

O baxımdan Heydər Əliyevin açdığı yol Azərbaycanın inkişafı, rifahı, çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi yoludur. Bu yolla gedən hər kəs mütləq şəkildə həm ailəsi, həm vətəni, həm övladları, həm də özünün fərdi ideyalarını yerinə yetirmək üçün gözəl imkanlar qazanır. Buna görə də bu gün bir daha biz onu çox böyük ehtiramla yad edirik!" - deyə Bahar Muradova vurğulayıb.



Teqlər: Ulu-Öndər  





Xəbər lenti