Sumqayıtda hərbi qulluqçulara mənzillərin sənədləri və açarları təqdim olunub

Sumqayıtda hərbi qulluqçulara mənzillərin sənədləri və açarları təqdim olunub
  10 May 2025    Oxunub:319
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması istiqamətində addımlar atılır.
AzVision.az xəbər verir ki, sözügedən tədbirlər çərçivəsində bu gün 50-dən çox hərbi xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçuya Sumqayıt şəhərində yerləşən MİDA Yaşayış kompleksindəki mənzillərin sənədləri və açarları verilib.

Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisi, nazirliyin mənzil komissiyasının sədri, ədliyyə general mayoru Elçin Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq Fərmanı əsasında Azərbaycan Ordusunda 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzil verilir.

“Hər il Maliyyə Nazirliyindən vəsait ayrılır və həmin vəsaitə mənzillər alınır. Bu il 512 mənzil alınıb və püşkatma yolu ilə hərbi qulluqçulara növbəlilik prinsipi əsasında verilib. Dövlət rəsmiləşdirilməsi təşkil edilərək, mənzillər çıxarışlarla təmin olunub. Bu gün çıxarışlarla açarlar hərbi qulluqçulara təqdim olundu. Bugünkü təqdimat mərasimi müstəqil Azərbaycanın qurucusu və banisi, müasir, modern və qüdrətli Azərbaycan Ordusunun yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirildi. Sumqayıtda birotaqlı və dördotaqlı 59 mənzil hərbi qulluqçulara təqdim olundu. Gələn il də bir o qədər mənzilin verilməsi nəzərdə tutulub. Ümumilikdə, iki il ərzində hərbi qulluqçulara verilən mənzillərin sayı 1000-ə yaxındır”, - Elçin Əliyev bildirib.

Otuz ildir Azərbaycan Ordusunda xidmət edən polkovnik Fuad Ələkbərov həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısıdır. Qələbəmizdə pay sahibi olan zabit Zəfər yürüşümüzdə addımlayanlar sırasında olmaqdan və Qalib Ordunun mənsubu kimi xidmətini davam etdirməkdən qürur duyduğunu deyib.

- Sumqayıtda dördotaqlı mənzillə təmin olundum. Dəniz kənarında, mənzərəli yerdə yerləşən binada verilən mənzilin şəraiti çox yaxşıdır. Buna görə Ali Baş Komandana özüm və ailəm adından dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, bu, Prezident İlham Əliyev tərəfindən mənə verilən ilk hədiyyə deyil. Belə ki, Azərbaycan Ordusunun bir mənsubu kimi çox keşməkeşli yollardan keçdim, Aprel hadisələrindən etibarən döyüşlərdə iştirak etdim. Sevinirəm ki, torpaqlarımızı mənfur düşmənin tapdağından xilas etmək, ərazi bütövlüyümüz və suverenliyimizi bərpa etmək kimi şərəfli missiyada mənim də payım var. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, müxtəlif dövrlərdə keçirilən vacib hərbi əməliyyatların iştirakçısı kimi, “İgidliyə görə”, “Vətən uğrunda” və digər medallarla təltif olunmuşam. Bu gün isə mənim üçün qürurvericidir ki, bu cür şəraiti olan evlə təmin olundum. Bu, ölkə rəhbərliyi tərəfindən mənə və ailəmə göstərilən böyük qayğıdır”, - Şanlı Azərbaycan ordusunun polkovniki vurğualyıb.

Ehtiyatda olan tibb xidməti polkovnik leytenantı İlham Əliyev isə əməyinin bu cür yüksək formada qiymətləndirildiyi üçün dövlətimizin başçısına təşəkkürünü bildirib: “Hər bir insanın ən böyük arzularından biri ev, mənzil sahibi olmaqdır. Bu gün arzularımızdan birinin reallaşmasının sevincini yaşayırıq. Belə ki, ümumi sahəsi 105.8 kvadratmetr olan dördotaqlı mənzillə təmin olundum. Ehtiyatda olan digər zabit yoldaşlarımla birgə sevincimin həddi-hüdudu yoxdur. Əlbəttə, 90-cı illərdə Azərbaycan Ordusunda istər könüllü, istərsə də çağırışla xidmət etdiyimiz vaxtlarda ağlımıza gəlməzdi ki, uzun illərdən sonra bizim şərəfli xidmətimiz dəyərləndiriləcək və mənzillər təqdim ediləcək. Buna görə də 20 ildən artıq xidmət etmiş zabitlər olaraq dövlətimizə, Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk. Bu, orduda xidmət etmiş zabitlərin əməyinə verilmiş böyük qiymətdir. Düşünürəm ki, bu, özü də həm də bir stimul, hazırda Azərbaycan Ordusunda xidmət edən, xüsusilə gənc zabitlər üçün böyük motivasiyadır”.

Qeyd edək ki, mənzil təminatı proqramı mərhələli şəkildə həyata keçirilir və bundan sonra da hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək. Ötən il dekabrın 24-də keçirilən iclasda qəbul edilmiş müvafiq qərara əsasən, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış və ya onların varislərinə) daimi mənzillərin təqdim olunması prosesi uğurla həyata keçirilir.

AzVision.az



Teqlər: Sumqayıt   hərbçilər   mənzillər  





Xəbər lenti