Azərbaycanın 22 rayonunda 24 aqropark yaradılır

   Azərbaycanın 22 rayonunda 24 aqropark yaradılır
  06 Fevral 2025    Oxunub:341
İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb, 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. Proses 2024-cü ildə də uğurla davam etdirilib.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib. Onun sözlərinə görə, hazırda 22 rayon üzrə 66,3 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür.

"23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.

Naxçıvan Sənaye Parkında görüləcək işlər açıqlandı
Bununla yanaşı indiyədək aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib".

Seymur Adıgözəlov vurğulayıb ki, qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. 2024-cü ildə əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min ha torpaq sahəsinin 35,7 min ha suvarılan ərazilərdir ki, bunun da 26 min hektarında (73%-i) mütərəqqi suvarma sistemləri qurulub:

"2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib. Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub.

Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkın 2807 hektar ərazisinin 1185 hektarı parsellərə (58 parsel) bölünmüş sahələr, 1298 hektarı heyvanların yem təminatı və pambıqçılıq sahələri, 141 hektarı sənaye zonası, qalan 183 hektarı isə mühafizə zolaqları və təsərrüfatdaxili yollardır".

Qurum rəsmizi əlavə edib ki, aqroparkda dövlət investisiyası hesabına tutumu 110 min kubmetr olan membran örtüklü su anbarı və 8 aqreqatlı nasos stansiyası inşa olunmuş, parsellərə bölünmüş 800 hektar (40 parsel) ərazinin təzyiqli su və elektrik təchizatı tam təmin olunmuş, təsərrüfatdaxili yollar çəkilmiş və uzunluğu 12,5 kilometr olan sel ötürücü kanalın 10,4 kilometrlik hissəsi tikilib. Qalan 385 ha (18 parsel) ərazinin su və elektrik təchizatı, daxili yollar və su ötürücü kanalların tikintisi üzrə işlərin 2025-ci ildə yekunlaşdırılması planlaşdırılır.

"Aqropark üzrə 2280 ha sahədə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 55,2 mln. manatadək özəl investisiyanın yatırılması ilə 331 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən 44 mln. manat investisiya qoyulmaqla 121 daimi, 457 mövsümi iş yeri açılıb. 21 rezident tərəfindən 1199 ha ərazidə əkin işləri aparılıb, 412.5 ha sahədə intensiv və superintensiv meyvə bağları salınıb. Aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa, 0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub. Həmçinin Aqroparkda 2024-cü ildə yığım da həyata keçirilib və bağlar yeni salındığı üçün ümumilikdə 44 ton çəyirdəkli (şaftalı, ərik, nektarin, alça və s.) meyvə yığılıb. Artıq Aqroparkın ərazisinin 80%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.

Sabirabad Pilot Aqroparkın ərazisi 7544 hektar təşkil edir. Hazırda 8 sahibkarlıq subyektinə Aqroparkın rezidentliyi statusu verilib. Rezidentlər tərəfindən 4100 ha sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 22,4 milyon manat investisiya yatırılıb, 98 daimi, 397 mövsümi iş yeri yaradılıb. Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik (zeytun, nar), toxumçuluq (buğda, arpa), heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır. Artıq Aqroparkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib. Məlum olduğu kimi İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir. Hazırda Mərkəzdə 16 ixtisas üzrə 384 tələbə təhsil alır. Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Belə ki, 2024-cü ildə 8 müəssisə və təşkilatla Anlaşma Memorandumu, 18 şirkətlə isə əməkdaşlıq müqaviləsi imzalanıb",- deyə o qeyd edib.

AzVision.az




Teqlər:   Aqropark  





Xəbər lenti