İrəvanda etirazçılar Paşinyanla görüş tələb edirlər

   İrəvanda etirazçılar Paşinyanla görüş tələb edirlər
  10 Mart 2025    Oxunub:829
İrəvanın Respublika meydanında ticarət dövriyyəsindən verginin artırılmasına etiraz edən sahibkarların növbəti mitinqi keçirilib.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, etiraz aksiyalarının iştirakçıları baş nazir Nikol Paşinyanla görüşmək tələbini irəli sürürlər.

Onlar, həmçinin Ermənistanın İqtisadiyyat nazirliyinə də məktub göndərərək, qurumun rəhbəri Gevorq Papoyanla görüş tələb ediblər. Onların iddiasına görə, hakimiyyətin cavab vermədiyi bir çox suallar yaranıb.

“Nazir mütəmadi olaraq sahibkarlarla görüşüb təkliflərimizi müzakirə edəcəyinə söz verib, lakin indiyədək müsbət addımlar görməmişik. Vergi dərəcəsinin artırılması ilə yanaşı, sahibkarları icbari inventarlaşdırma, eləcə də qızıl ticarətində həllini tapmamış problemlər də bizi narahat edir”, - fəal etirazçı qadınlardan biri deyib.

Xatırladaq ki, fevralın 27-də Ermənistan hökumətinin iclasında keçid dövrünün - 2025-ci il iyulun 1-dək tətbiq edilməsi barədə qərar qəbul olunub. Müəssisələrə yeni vergi tələbləri tətbiq edilmədən ötən il aldığı malları müvafiq sənədlər olmadan satmağa icazə verilir.

Lakin etirazçıların iddiasına görə, bu tədbir yalnız müvəqqəti güzəştdir və satış vergisinin artırılması ilə bağlı əsas problemləri həll etmir. Sahibkarlar yeni siyasəti “iqtisadi terror” adlandırırlar.

Növbəti etiraz aksiyası aprelin 14-nə təyin edilib. İştirakçılar onların hüquqlarını pozduğuna və kiçik biznesin mövcudluğuna təhlükə yaratdığına inandıqları yeni qanunun tamamilə ləğvini tələb edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   etirazlar   Pşainyan  





Xəbər lenti