Vatikan da Moskva ilə Kiyev arasında vasitəçi olmaq istəyir

   Vatikan da Moskva ilə Kiyev arasında vasitəçi olmaq istəyir
  16 May 2025    Oxunub:351
Yeni Roma Papası XIV Leo Vatikanı Rusiya və Ukrayna arasında danışıqlar üçün neytral platforma kimi təqdim etməyə hazır olduğunu bildirib.
AzVision.az İtaliyanın “La Stampa” nəşrinə istinadən bildirir ki, bu bəyanat, Müqəddəs Taxt-Tacın fikrincə, istənilən irəliləyişə səbəb olmayan İstanbul danışıqlarının nəticələrindən məyusluq fonunda verilib. Vatikanın Dövlət katibi kardinal Pietro Parolin Vatikanın vasitəçi kimi çıxış etməyə hazır olduğunu açıqlayıb.

“Bütün bunlar faciəvidir, çünki biz bəlkə də yavaş-yavaş, lakin münaqişənin sülh yolu ilə həlli istiqamətində bir prosesin başlayacağına ümid edirdik. Amma bunun əvəzində biz yenidən başlanğıcdayıq. Papa XIV Leo, lazım gələrsə, Moskva və Kiyev arasında birbaşa danışıqlar üçün Vatikanı təklif etməyə hazırdır”, - kardinal Pietro Parolin İstanbul görüşün nəticələrini şərh edərkən deyib.

Bu arada, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Rusiya prezidenti Vladimir Putinin son hərəkətlərinin onun sülhə can atmaq istəmədiyini göstərdiyini iddia edib və Moskvaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.

Amerika lideri Donald Tramp isə, öz növbəsində, vuröulayıb ki, onun Vladimir Putinlə şəxsi görüşü baş tutmasa Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması mümkün olmayacaq. İstanbuldakı danışıqların nəticələrinə şübhə ilə yanaşdığını bildirən ABŞ-nin Dövlət katibi Marko Rubio öz şefinin mövqeyini dəstəkləyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Vatikan   Rusiya   Ukrayna  





Xəbər lenti