Qərb kəşfiyyatı Putini günahlandırır...Kreml təkzib edir

   Qərb kəşfiyyatı Putini günahlandırır...Kreml təkzib edir
  11 Mart 2025    Oxunub:526
Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün danışıqlarda güzəştə getmək niyyətində deyil.
AzVision.az xəbər verir ki, Qərbin təhlükəsizlik xidmətlərinin təmsilçilərinin “Bloomberg” nəşrinə dediklərinə görə, Putin müharibəyə son qoymaq üçün danışıqlardan əvvəl bilərəkdən “maksimalist” tələblər irəli sürüb. Yəqin ki, o, ukraynalılar və avropalılar üçün bunun qəbuledilməz olacağını bilir. Onlar iddia edirlər ki, Rusiya lideri istədiyinə nail olmasa, mübarizəni davam etdirməyə hazırdır.

“Putin sərt mövqedən əl çəkmək üçün heç bir stimul görmür. Eyni zamanda, Donald Tramp müharibəni dayandırmağın zəruriliyini vurğulamaqda davam edir. İndiyə qədər onun administrasiyası Kiyevdən yalnız güzəşt tələb edib, buna görə hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıb”, - agentlik həmsöhbətlərindən sitat gətirir.

Bununla belə, Vaşinqton yalnız vaxtaşırı Moskvanı əlavə sanksiyalarla, eləcə də rüsumlarla hədələyir. Onların fikrincə, əslində Rusiya ilə ABŞ arasında demək olar ki, dayandırılmış ticarət kontekstində belə hədə-qorxu mənasızdır. Bu vəziyyətdə Ukrayna prezidenti Volodimir Zelenskinin ona qoyulan şərtlərlə razılaşmaq istəməməkdə ittiham olunacağı və döyüşlərin Avropa ölkələrinin dəstəyi ilə davam edəcəyi riski var.

Lakin Qərbin kəşfiyyat xidmətlərinin mövqeyini şərh edən Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bunun həqiqətə uyğun olmadığını diqqətə çatdırıb. Eyni zamanda o, danışıqların başlaya bilməsi üçün məhz Ukraynanın addım atmalı olduğunu bildirib.

- Rusiya dinc səylərə, Ukrayna ətrafında sülh yolu ilə nizamlanmaya açıqdır. Məqsədlərimizə dinc və diplomatik yollarla nail olmağa üstünlük veririk. Əgər bu gün və sabah Ukraynanın danışıqlara hazır olduğu aydınlaşarsa, bu, tamam başqa məsələ olacaq”, - Peskov deyib.

Yeri gəlmişkən, hazırda Ciddədə ukraynalılarla danışıqlar aparan Amerika nümayəndə heyətinin anonim üzvünə istinad göstərən “Sky News” nəşrində dərc olunan məqalədə Donald Trampın komandasının Ukraynanın nəinki 2014-cü ilin, hətta 2022-ci ilin sərhədlərinə qayıtması ehtimalını qəti şəkildə istisna etdiyi vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qərb   Putin   ittiham  





Xəbər lenti