Ehtiyatlı olun: “E 407”

// Məşhur qida əlavəsi heç də ziyansız deyil

   Ehtiyatlı olun:    “E 407”
  09 Mart 2025    Oxunub:991
Yeyinti sənayesində geniş tətbiq edilən və bir çox məhsulların tərkibinə daxil olan “karriqan” (E 407) adlı qida əlavəsi bir qayda olaraq təhlükəsiz sayılır. Onu adətən qatılaşdırıcı və emulqator kimi geniş çeşiddə məhsulların, o cümlədən, uşaq qidalarının tərkibinə qatırlar. Amma son araşdırmalar bu maddənin təhlükəli olduğunu ortaya çıxarıb.
Robert Vaqner Norbert Ştefanın rəhbərlik etdiyi almaniyalı alimlərdən ibarət qrup apardığı tədqiqatlardan sonra bu nəticəyə gəlib ki, karriqanı normadan artıq qəbul edən şəxslərdə nazik bağırsağın divarlarının incəlməsi başlayır.

“BMC Medicine” jurnalı yazır ki, təcrübələr zamanı eksperiment iştirakçılarının rasionuna iki həftə ərzində gündəlik dozanın 2-3 qatı miqdarında “E 407” əlavə edilib. Müşahidələr göstərib ki, bu maddə bağırsağın divar funksiyasını zəiflədir. Nəticədə bağırsağın daxilindəki möhtəviyyat onun xaricinə sızaraq, digər orqanların iltihabına rəvac verə bilər.

Bundan başqa, artıq çəkisi olan insanlarda “E 407” əlavəsi insulin həssaslığını azaldır. Ən pisi odur ki, beyinin hipotalamus adlanan hissəsində iltihab markerləri yaranmağa başlayır. Qeyd edək ki, hipotalamus iştahı və qanda şəkərin miqdarını tənzimləyir. Yəni karriqan bədəndə şəkər mənimsənilməsinə mənfi təsir göstərə bilər. Xüsusilə də artıq çəkili insanlarda. Yaşlı insanlarda bu problem daha qabarıq nəzərə çarpır.

Samir Quliyev
AzVision.az


Teqlər: Qida  





Xəbər lenti