BMT-nin qadınların vəziyyəti üzrə Komissiyasının 69-cu sessiyası keçirilir

BMT-nin qadınların vəziyyəti üzrə Komissiyasının 69-cu sessiyası keçirilir
  11 Mart 2025    Oxunub:827
BMT-nin yüksəksəviyyəli rəsmiləri martın 10-da təşkilatın Nyu-Yorkdakı baş qərargahında qadın problemlərinə həsr olunmuş dünyanın ən böyük illik konfransına toplaşan minlərlə diplomat, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinə bildiriblər ki, gender bərabərliyi hüquqlara tələbin qlobal reaksiya ilə üzləşdiyi bir vaxtda kritik hədəfdir.
AzVision.az xəbər verir ki, martın 21-dək davam edəcək BMT-nin qadınların vəziyyəti üzrə Komissiyasının (CSW69) 69-cu sessiyası qadın hüquqlarının təşviqi, bütün dünyada onların həyat reallığının sənədləşdirilməsi, gender bərabərliyi ilə bağlı qlobal standartların formalaşdırılmasında mühüm rol oynayır. Ötən il CSW68-də 100 dünya lideri və 4800 vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.

Builki sessiyada Baş Assambleyanın 23-cü xüsusi sessiyasının nəticələri, habelə 1995-ci ildə qəbul edilmiş əlamətdar Pekin Bəyannaməsi və Fəaliyyət Platforması nəzərdən keçirilir.
BMT-nin Baş katibi Antonio Quterreş sessiyanın açılışında çıxış edərək deyib: “Bizim əsas qayəmiz bütün qadınlar üçün bərabərlik, inkişaf və sülhdür. Əlbəttə, biz həmişə bilirdik ki, bu, bir gecədə, hətta illər ərzində baş verməyəcək. Ancaq Pekin Bəyannaməsindən ötən üç onillikdən sonra bu vəd bizim təsəvvür etdiyimizdən daha uzaq görünür. Qadın hüquqları “mühasirədədir”. Patriarxat zəhəri intiqamla geri qayıdır, yeni və təhlükəli formalara çevrilir. Ancaq bir çarə var və bu, hərəkətə keçməkdir. İndi qadınların və qızların bərabərliyinə əhəmiyyət verənlərin ayağa qalxıb öz sözünü deməsinin vaxtıdır. İndi dünyanın tərəqqisini sürətləndirmək və Pekində verilmiş vədlərə əməl etməyin vaxtıdır”.

Baş katib qeyd edib ki, qızların təhsilinin artırılmasında, ana ölümlərinin azaldılmasında, hüquqi müdafiənin artırılmasında böyük boşluqlar hələ də davam edir. Zorakılıq, ayrı-seçkilik və iqtisadi bərabərsizlik kimi əsrlər boyu davam edən dəhşətlər də geniş yayılıb. Gender zəminində maaş fərqi hələ də 20 faiz səviyyəsindədir. Qlobal miqyasda demək olar ki, hər üç qadından biri zorakılığa məruz qalıb. Bir çox ölkədə qadınlar və qızlar hələ də ən sadə hüquqlardan məhrumdurlar. Reproduktiv hüquqlar hücuma məruz qalır və bərabərlik təşəbbüsləri rədd edilir. Eyni zamanda, yeni texnologiyalar, o cümlədən süni intellekt zorakılıq və sui-istifadə üçün yeni platformalara imkan baxımından münbit şərait yaradır.
Bütün onlayn feyk məlumatların 95 faizə qədəri pornoqrafik şəkillərdir, onların 90 faizi qadınları təsvir edir. Texnologiyalara qeyri-bərabər çıxış mövcud bərabərsizlikləri gücləndirir.

Antonio Quterreş problemlərin həlli yollarını da göstərib. Onun sözlərinə görə, davamlı inkişaf, qadın bərabərliyi üçün daha çox maliyyə vəsaiti təmin edilməlidir.

“Keçən il razılaşdırılmış Gələcək Paktı irəliyə doğru cəsarətli addımlar atır. Qadın və qızların hüquqları bu sənəddə əksini tapıb. Mən bütün ölkələri öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıram. Gender bərabərliyinə investisiyaları prioritetləşdirmək üçün təhsil və təlimə investisiyalar artırılmalı, iqtisadi imkanların gücləndirilməsinə sərmayələr, o cümlədən baxıcılar üçün adekvat maaş və pensiyalar təmin olunmalıdır. Həmçinin bütün zorakılıq və təqib növlərinin kökünü kəsmək üçün əlavə səylər göstərilməlidir. BMT-nin “Spotlight” təşəbbüsü onların nə qədər fərq yarada biləcəyini göstərir”, -Baş katib vurğulayıb.

Onun sözlərinə görə, qadın təşkilatlarına dəstək artırılmalı, bu sahədə hüquq müdafiəçiləri qorunmalı və onları təhdid edənlər məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda, rəqəmsal texnologiyalardan istifadə edərək zorakılığın bütün formalarını aradan qaldırmaq lazımdır.
Sessiyanın açılışından sonra martın 11-də panel iclaslarda müzakirələr davam edəcək.

AzVision.az



Teqlər: BMT   qadınlar  





Xəbər lenti