İsrai Türkiyəyə 20 milyon təzminat verəcək

İsrai Türkiyəyə 20 milyon təzminat verəcək
  18 Dekabr 2015    Oxunub:2312
İsrail “Mavi Mərmərə” hadisəsinə görə Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək.
AzVision.az-ın məlumatına görə, Türkiyənin “Vatan” qəzeti iddia edir ki, ilkin razılaşma İsveçrədə İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu arasında baş tutub.

Razılaşmaya əsasən İsrail hadisə zamanı ölən 10 Türkiyə vətəndaşının ailəsinə 20 milyon dollar təzminat ödəyəcək. Bundan başqa hər iki ölkənin səfirlikləri fəaliyyəti bərpa edəcək və Türkiyə İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina edəcək. Sənədi daha da təsirli etmək üçün bu barədə Türkiyə parlamentində qanun qəbul ediləcək.

Eyni zamanda HAMAS təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq və təşkilatın liderlərindən sayılan Salih əl-Aruri Türkiyədən deportasiya ediləcək. Ən əsas məsələ isə təbii qazla bağlıdır. Belə ki, təbii qazla bağlı müzakirələr aparılacaq və İsrail qazının Türkiyə və Avropaya nəqli üçün boru xətti tikiləcək.

Qeyd edək ki, Türkiyə-İsrail münasibətlərinin normallaşdırılmasını “Bloomberg”ə Türkiyə hökumətindəki iki məlumatlı mənbə bildirib. Onlar deyiblər ki, Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Ankara ilə Təl-əviv arasında gizli təmaslar intensivləşib.

Bundan başqa, Türkiyə Kipr adasının birləşməsinə də tərəfdardır və bunun üçün həm türk, həm də yunan icması ilə danışıqlar aparır. Perspektivdə həm İsraildən, həm də Kiprdən təbii qaz idxalı Türkiyənin öz mənbələrini müxtəlifləşdirməsinə və Şərqlə Qərb arasında əsas tranzit məntəqəsinə çevrilməsinə şərait yaradacaq.

İlkin Nəcəfzadə

AzVision.az


Teqlər:  





Xəbər lenti