Ağdərədə 4 kütləvi və 2 fərdi məzarlıq aşkar edilib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) işçi qrupun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib: “Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib. Həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin cəsədlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb.
Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şahidlərin ifadələrinə əsasən, burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük avtomobili vurulub. Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi avtomobilin qalıqları da aşkarlanıb. Bu ərazidə ümumilikdə 4 kütləvi və 2 fərdi məzarlıq aşkar edilib”.
Qonaqlar, həmçinin ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini izləyiblər. Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.
AzVision.az
Teqlər: