Durov: “Telegram 2018-ci ildən hökumətlərlə əməkdaşlıq edir”

   Durov: “Telegram 2018-ci ildən    hökumətlərlə əməkdaşlıq    edir”
  03 Oktyabr 2024    Oxunub:353
“Telegram”-ın yaradıcısı rusiyalı sahibkar Pavel Durov etiraf edib ki, messencer artıq 2018-ci ildən etibarən İP ünvanlarını və telefon nömrələrini hakimiyyət səlahiyyətlilərinə açıqlayır.
Pavel Durov bildirib ki, messencerin qanunu pozanların İP ünvanlarını və telefon nömrələrini hüquq-mühafizə orqanlarına açıqlayacağı xəbəri fonunda “Telegram”-ın işində faktiki olaraq çox şey dəyişməyib.

“Belə görünə bilər ki, mənim əvvəlki yazım “Telegram”-ın işində ciddi dəyişiklikləri elan edib. Amma reallıqda çox az şey dəyişib. 2018-ci ildən bəri “Telegram” məxfilik siyasətimizə uyğun olaraq əksər ölkələrdə cinayətkarların İP ünvanlarını/telefon nömrələrini hakimiyyətə açıqlaya bilir. Müvafiq əlaqə vasitəsilə etibarlı hüquqi sorğu alanda biz onu yoxlayır və təhlükəli cinayətkarların İP ünvanlarını/telefon nömrələrini açıqlayırdıq. Bu proses artıq keçən həftədən xeyli əvvəl başlamışdı”, - Pavel Durov deyib.

Onun sözlərinə görə, bu məqsədlə, o cümlədən, istifadəçi məlumatları üçün işlənmiş sorğuların sayını göstərən “@transparency” botundan istifadə olunur. Məsələn, messencer Braziliyada bu ilin ilk rübündə 75, ikinci rübdə 63 və üçüncü rübdə isə 65 hüquqi sorğu ilə bağlı məlumatlar açıqlayıb. “Telegram”-ın ən böyük bazarı olan Hindistanda bu ilin 9 ayı ərzində 6992 hüquqi sorğu təmin olunub.

“2024-cü ilin üçüncü rübündə Avropada aldığımız etibarlı hüquqi müraciətlərin sayında artım müşahidə olundu. Bu daha çox Avropa İttifaqı səlahiyyətlilərinin birliyin Rəqəmsal xidmətlər barədə qanununda (DSA - Digital Services Act) nəzərdə tutulan sorğuları üçün düzgün kommunikasiya xəttindən istifadə etməyə başlaması ilə əlaqədardır. Bu əlaqə nöqtəsi haqqında məlumat 2024-cü ilin əvvəlindən “Telegram veb” saytına və ya “Aİ Telegram Hüquq Mühafizə ünvanı”na baxan hər kəs üçün açıqdır”, - rusiyalı sahibkar bu baxımdan “Telegram” messencerinin əsas prinsiplərinin dəyişməz qaldığını vurğulayıb.

Qeyd edək ki, 10 gün əvvəl Pavel Durov yeni qaydalara əsasən, “Telegram” rəhbərliyinin səlahiyyətli orqanlardan qanuni sorğular alacvağı halda messencerdən istifadə qaydalarını pozan şəxslərin İP ünvanlarını və telefon nömrələrini açıqlaya biləcəyini demişdi. Bundan əlavə, messencerin təsisçisi bildirib ki, xidmət şərtləri və məxfilik siyasəti indi coğrafi yerləşmədən asılı olmayaraq bütün istifadəçilər üçün vahid olacaq. O, bu cür yeniləmələrin “cinayətkarları “Telegram”-da axtarış imkanından sui-istifadə etməsindən daha da çəkindirmək” üçün tətbiq olunduğunu deyib.

“Telegram” istintaqla əməkdaşlıq etməyə başlayıb
Xatırladaq ki, avqustun 24-də Fransanın Le Burje hava limanında saxlanılan Pavel Durova qarşı avqustun 28-də ittiham irəli sürülüb. Onların arasında qeyri-qanuni əməliyyatların həyata keçirilməsi üçün onlayn platformanın idarə edilməsində mütəşəkkil qrupun fəaliyyətində şəriklik, səlahiyyətli orqanların tələbi ilə məlumat və ya sənədləri təqdim etməkdən imtina, çirkli pulların yuyulması da var.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Durov   hakimiyyət   əməkdaşlıq  





Xəbər lenti