OPEC və Ər-Riyad təkzib edirlər

   OPEC və Ər-Riyad    təkzib edirlər
  03 Oktyabr 2024    Oxunub:310
“Wall Street Journal (WSJ)” qəzeti tərəfindən guya Səudiyyə Ərəbistanının energetika nazirinin OPEC+ formatının hasilat hədəflərinin yerinə yetirilmədiyi təqdirdə neft qiymətlərinin 50 dollara düşəcəyi ilə bağlı xəbərdarlığı iddialarını OPEC təkzib edib.
AzVision.az xəbər verir ki, OPEC telefon bağlantısı vasitəsi ilə belə bir konfransın, ümumiyyətlə, keçirilmədiyini açıqlayıb.

“Məqalədə səhv olaraq bildirilirdi ki, Səudiyyə Ərəbistanının energetika naziri telefon konfransı keçirib və bu zaman guya OPEC+ üzvləri razılaşdırılmış hasilatın azaldılmasına əməl etməsələr, qiymətlərin 50 dollar/barelə enməsi ehtimalı ilə bağlı xəbərdarlıq səsləndirib. OPEC Katibliyi vurğulayır ki, nə ötən həftə telefon vasitəsi ilə konfrans, nə də sentyabrın 5-də baş tutmuş son OPEC+ görüşündən sonra videokonfrans keçirilməyib”, - qurumun yaydığı məlumatda bildirilir.

Təşkilat, həmçinin nazirin adına çıxılan “Yaxşı olar ki, bəziləri mumlasınlar və OPEC+ qarşısındakı öhdəliklərinə əməl etsinlər” ifadəsinə də aydınlıq gətirib.

- OPEC Katibliyi vurğulayır ki, onun görüşləri istər şəxsən, istərsə də telekonfrans vasitəsilə həmişə sivil və hörmət atmosferi şəraitində keçirilir. Buna görə də biz “WSJ”-nin nəinki jurnalist dürüstlüyünə və peşəkarlığına malik olmayan, həm də OPEC+ nazirlərinə hörmətə açıq-aşkar etinasızlıq sərgilənən belə bir hesabat dərc etməsindən dərin narahatlıq hissi keçiririk”, - təşkilat Amerika nəşrinə öz iradını bildirib.

Qeyd edək ki, son illər “hibrid müharibələr” çərçivəsində bu və ya digər dövlətlərin, habelə transmilli korporasiyaların maraqlarına xidmət edən qərbdəki bir sıra məşhur KİV-lər yalan məlumatlar yaymaq və arzu olunanı həqiqət əvəzinə dünya ictimaiyyətinə sırımaq kimi çirkin əməllərdən çəkinmirlər. Bu baxımdan, ABŞ-nin məşhur “WSJ” nəşrində son vaxtlar Vaşinqtonla münasibətləri xeyli soyumuş Səudiyyə Ərəbistanının energetika nazirinin adından uydurulan bəyanatların dərc edilməsi heç də təəccüblü görünmür.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: OPEC   WSJ   təkzib  





Xəbər lenti