Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. Oktyabrın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl şəhərində bayram tədbiri keçirilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurda qovuşmuş bir qrup Cəbrayıl sakini və media nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçları şəhərin yenidən qurulan mərkəzi meydanında bir neçə hissədən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə hazırlanan "Zamanın qanadlarında. Cəbrayıl" adlı fotosərgidə Cəbrayılın fotoarxivdə qorunan təsvirləri ilə yanaşı, müasir mühiti, dirçələn həyatı əks olunub.
"Yurdum. Cəbrayıl" adlı rəngkarlıq sərgisində Cəbrayıla ezam olunan rəssamların, həmçinin yerli rəssamların yaratdığı əsərlər nümayiş yer alıb. Burada Cəbrayılın mənzərələri, abidələri müəllif həllində verilib.
Cəbrayıl xalça məktəbinin nümunələrindən ibarət sərgidə Milli Xalça Muzeyinin daimi kolleksiyasından ənənəvi üsulla toxunan xalçalar və xalça məmulatları təqdim olunur. Burada Cəbrayılın ənənəvi "Qasımuşağı", "Qaraqoyunlu", "Bəhmənli" və s. xalçaları nümayiş etdirilir.
"İrsimiz. Ruhumuz. Xudafərin" adlı sərgi xüsusilə maraq doğurur. Cəbrayılın rəmzi olan Xudafərin körpüləri əsrlər boyu Arazın iki sahilini birləşdirən mühüm ticari, iqtisadi əhəmiyyətə malik abidədir. Körpülər Orta əsr Azərbaycan memarlığının mühüm elementlərini əks etdirir. Sərgi boyu 11 aşırımlı Xudafərin körpüsünün kiçik modeli rəssamlar tərəfindən işlənir. Körpünün qədim tarixinin əks olunması ilə yanaşı, burada iştirakçı rəssamların özünəməxsus üslubu və tərzi də nümayiş olunur. 11 aşırım modelini qırmızı xətt qismində birləşdirən ümumi motiv Azərbaycan kəlağayısıdır. Bu seqment milli irsimizin incə nümunəsini göstərməklə bərabər, tarixi İpək Yolunun inkişafında Xudafərin körpülərinin əhəmiyyətini də vurğulayır.
Eyni zamanda sərgi məkanında qurulmuş xüsusi guşədə Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin katibi şair-dramaturq İlqar Fəhminin ssenari müəllifi olduğu kompozisiyada, əsasən, Cəbrayıl rayonundan olan yazarların əsərlərindən istifadə edilib. Sərgilərlə tanışlıqdan sonra geniş konsert proqramı təqdim olunub.
Aparıcılar Vətən müharibəsi haqqında məlumat verib, 44 gündə qazanılan şanlı Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıblar.Sonra söz musiqiyə verilib. Ana yurdun tərənnümü əsasında qurulan proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı "Qarabağ” rəqsini, Xalq Çalğı Alətləri Orkestri Vasif Adıgözəlovun “Bayram süitası”nı, Əməkdar artist Yaqut Abdullayeva Bəhram Nəsibovun “Qarabağ” mahnısını, Əməkdar artist İlkin Əhmədov “Azərbaycan maralı” xalq mahnısını, aşıq Aqşin Tarıyeloğlu “Ovşarı” saz havasını, xanəndələr Vüsal Zamanov, Güllü Muradova və Rəvanə Qurbanova “Qarabağ şikəstəsi”ni, Əməkdar artistlər Gülüstan Əliyeva Məmmədbağır Bağırzadənin “Cəbrayıl”, Zahid Quliyev İbrahim Topçubaşovun "Dağlarda duman gözəldir” mahnılarını ifa ediblər.
Konsertdə həmçinin müğənni
Taleh Hüseynli Elnur Şahmarovun “Cəbrayılım”, İlhamə Qasımova Elza İbrahimovanın “Ey Vətən”, Xalq artisti Azər Zeynalov Fikrət Əlizadənin “Vətənim”, Sona Əzizova “El bilir ki, sən mənimsən”, "Sazəndə” aşıqlar qrupu Dirili Qurbaninin “Bayatı-şikəstə”, Xalq artisti Samir Cəfərov Cavanşir Quliyev “Bura vətəndir”, “Renesans” uşaq xoru Rauf Hacıyevin “Azərbaycan”, Azərbaycan Dövlət Rəqs Ansamblı "Zəngəzur yallısı" rəqsini təqdim ediblər.
Konsert proqramına Xalq artisti Mələkxanım Əyyubovanın ifasında Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnısı ilə yekun vurulub. Bütün ifalar alqışlarla qarşılanıb.
Günün ikinci yarısında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı "Qaraca qız", Azərbaycan Dövlət Akademik Musiqili Teatrı isə "Arşın mal alan" tamaşaları nümayiş etdiriblər.
Cəbrayıl Şəhəri Günü tədbirləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.
Təqdim olunan konsert və tamaşalar doğma yurdda yenicə məskunlaşan Cəbrayıl sakinləri və digər qonaqların könlünü oxşayıb.
AzVision.az