Uqledarın tutulması ruslara strateji üstünlük verir - "Bloomberg"

 Uqledarın tutulması ruslara strateji üstünlük verir    - "Bloomberg"
  02 Oktyabr 2024    Oxunub:1474
Bu gün Ukrayna qoşunlarını Uqledardan geri çəkdiyini rəsmən elan etdi.
"Bloomberg"in yaydığı məlumata görə, Donetskin cəbhə xəttində strateji forpostu sayılan bu şəhərin təslim olması ruslara danılmaz üstünlüklər verəcək.

Ukrayna müharibədən yorulub
Nəşr xüsusilə Uqledarın qış ərəfəsində əldən çıxmasına diqqət çəkib. Çünki şəhər əlverişli mövqedə yerləşir. Burada hündürmərtəbəli yaşayış binaları düzənliklərin ortasında hərbi mövqe rolunu oynayır.

"Bundan əlavə, şəhər Kreml üçün Krım körpüsünə alternativ rol oynayan və Donetskdən yarımadaya gedən, rusların nəzarət etdiyi dəmir yolundan cəmi bir neçə kilometr məsafədədir",- məqalədə yazılıb.

"The New York Times" da oxşar məqalə dərc edib. Müəllif qeyd edib ki, Uqledar məğlubiyyəti Ukrayna ordusu üçün strateji itki sayılacaq. Bu həm də simvolik zərbədir. Şəhər digər ərazilərə Rusiya hücumlarının qarşısını almaqda əsas rol oynayıb. Nəşr yazıb ki, Uqledarın itirilməsi Pokrovskın müdafiəsini çətinləşdirəcək və Rusiyanın təchizat xətlərini gücləndirəcək.

Uqledar müharibənin ilk günlərindən ukraynalıların nəzarətində idi. 2 ildir təslim olmayan şəhər bu gün Rusiya ordusunun nəzarətinə keçib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Uqledar  





Xəbər lenti