"Sosial şəbəkələr və televiziyalar uşaqların davranışlarını ciddi şəkildə formalaşdırır" - Ekspert

   "Sosial şəbəkələr və televiziyalar uşaqların davranışlarını ciddi şəkildə formalaşdırır" -    Ekspert
  03 Oktyabr 2024    Oxunub:1388
Hər bir valideyn uşaqlarını məktəbə oxumağa, inkişaf etməyə, dostluqlar və həyat bacarıqları qazanmağa göndərir. Məktəb, cəmiyyətimizin gələcəyini formalaşdıran, bilik və dəyərlər aşılamağa çalışan müqəddəs bir məkandır. Son dövrlər məktəblərdən gələn acı xəbərlər, xüsusilə şagirdlər arasında baş verən bıçaqlanma hadisələri, bizi dərin düşünməyə və tədbirlər görməyə vadar edir. Belə hadisələrdən biri də bu gün Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Təhsil eksperti Kamran Əsədovun fikrincə, bu cür hadisələr göstərir ki, uşaqların psixoloji sağlamlığı və sosial mühitə uyğunlaşması üzərində daha çox işləmək lazımdır.

"Müasir dövrdə bəzi neqativ təsirlər, xüsusilə internet, sosial şəbəkələr və televiziyalar uşaqların davranışlarını ciddi şəkildə formalaşdırır. Bu platformalar bəzən zorakılığı adi və normal bir hal kimi göstərir. Bu da gənclərin düşüncələrinə mənfi təsir edir.

Məktəblərimiz yalnız bilik ocaqları deyil, həm də sosial bacarıqların və empatiyanın öyrədildiyi mərkəzlər olmalıdır. Şagirdlərə problemlərin dialoq və anlaşma yolu ilə həll olunmasının vacibliyi aşılanmalı, zorakılığın heç bir halda qəbul edilməz olduğu öyrədilməlidir.

Valideynlər, müəllimlər və cəmiyyət olaraq hər birimiz uşaqlarımızın həyatında birgə və müsbət təsir yaratmalıyıq. Onları sevgi, anlayış və dəstək mühitində böyüdərək, sağlam, məsuliyyətli və empatiya dolu gənclər kimi formalaşdırmaq üçün çalışmalıyıq. Məktəblər yenidən bilik, dostluq və sevgi dolu məkanlar olaraq qalmalı, uşaqların təhlükəsizliyi və rifahı hər şeydən üstün olmalıdır".

Həmidə İbrahimova
AzVision.az



Teqlər: təhsil   məktəb   hadisə  





Xəbər lenti