Ötən il qlobal silah xərcləri 2,24 trilyon dollara çatıb

   Ötən il qlobal silah xərcləri 2,24 trilyon dollara çatıb
  24 Aprel 2023    Oxunub:1254
Qlobal silah xərcləri 2022-ci ildə real ifadədə 3,7% artaraq 2,24 trilyon dollara çatıb.
Bu barədə İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilib. Silaha ən çox pul xərcləyən ölkələr ABŞ, Çin və Rusiyadır. ABŞ-ın hərbi xərcləri 2022-ci ildə 877 milyard dollar təşkil edib ki, bu da qlobal həcmin 39%-nə bərabərdir və reytinqdə ikinci yeri tutan Çinin hərbi xərclərinin həcmindən üç dəfə çoxdur.

Ötən il ABŞ hərbi əməliyyatlar və dəstək üçün 295 milyard dollar, silah alışı, tədqiqat və inkişaf üçün 264 milyard dollar və şəxsi heyət üçün 167 milyard dollar xərcləyib.

Dünyanın ikinci ən böyük hərbi xərcləri olan Çin ötən il hərbi ehtiyaclar üçün 292 milyard dollar ayırıb.Bu, 2021-ci illə müqayisədə 4,2%, 2013-cü illə müqayisədə isə 63% çoxdur.

Rusiyada hərbi xərclər 2022-ci ildə 9,2% artaraq təxminən 86,4 milyard dollar təşkil edib ki, bu da ÜDM-in 4,1%-nə bərabərdir. Bir il əvvəl bu rəqəm ÜDM-in 3,7%-i idi.

2022-ci ildə NATO-ya üzv ölkələrin ümumi xərcləri 1,232 trilyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,9% çoxdur. Hərbi xərclərdə ən kəskin artım Finlandiyada (36%), Litvada (27%), İsveçdə (12%) və Polşada (11%) qeydə alınıb.

Asiya və Okeaniyada ümumi hərbi xərclər 575 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,7% və 2013-cü illə müqayisədə 45% çoxdur. Yaponiyanın hərbi xərcləri 2021-ci ildən 2022-ci ilə qədər 5,9% artaraq 46 milyard dollara və ya ÜDM-in 1,1%-nə çatıb. 1960-cı ildən bəri bu, hökumətin orduya ayırdığı ən böyük vəsaitdir.

AzVision.az




Teqlər:





Xəbər lenti