Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hesabat verdi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hesabat verdi
  05 Fevral 2025    Oxunub:266
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) 2024-cü ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, kollegiya iclasında Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Agentliyin rəisi general-mayor İlqar Abbasov görülmüş işlərdən danışarkən bildirib ki, 2024-cü ildə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən neft və qaz ixrac boru kəmərlərinin, o cümlədən mühafizə olunan şəxslərin və obyektlərin mühafizəsi təmin edilib, terror, təxribat və hər hansı təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması, yeni yaradılmış qurum kimi Agentliyin fəaliyyətinin formalaşdırılması və şəxsi heyətinin komplekləşdirilməsi üçün zəruri işlər həyata keçirilib. Ötən il neft-qaz ixrac boru kəmərlərinin “mühafizə zonaları”nda qaydaları pozan 5377 nəfər saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb. Bundan başqa, ötən il 86 PUA-nın idxalı və istifadəsi ilə bağlı müraciətə baxılaraq, 48-nə mənfi rəy verilib.

Diqqətə çatdırılıb ki, ötən il 37 nəfər olmaqla, son 2 ildə, ümumilikdə 85 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib. Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 360 hərbi qulluqçusu mükafatlandırılıb. 12 nəfər hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb. 2024-cü ildə 45 hərbi qulluqçu intizam qaydalarını pozduqlarına görə barələrində intizam cəzaları tətbiq edilib. Onlardan 5 nəfər müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidməti uyğunsuzluğa, 1 gizir hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiklərinə görə, 6 hərbi qulluqçu İntizam Nizamnaməsinə müvafiq olaraq xidmət müddətləri başa çatmadan həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Bildirilib ki, Agentliyin 7 əməkdaşı Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Tbilisi şəhərində keçirilən “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təliminin müxtəlif mərhələlərinə qatılıb. Jandarma Baş Komandanlığının aparıcı tədris müəssisələrinə müxtəlif kurslarda və təlimlərdə iştirаk etmək üçün 76 hərbi qulluqçu Türkiyəyə ezam olunub.

Kollegiya iclasında il ərzində görülmüş işlərə dair regional idarə rəislərinin hesabat-məruzələri dinlənilib, Agentliyin Aparatının idarə rəisləri çıxış edib, qarşıda duran vəzifələr müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti