AzVision.az xəbər verir ki, bu barədə
Pravda.ru saytı məlumat yayıb. Nəşr Ukrayna Prezidenti Ofisinin keçmiş ştatdankənar müşaviri Aleksiy Arestoviçə istinad edib. O bildirib ki, 2022-ci ilin yazında Rusiyanın Ukrayna ilə sülh danışıqlarındakı mövqeyi əhəmiyyətli dərəcədə dəyişibmiş. Əgər əvvəlcə kütləvi tələblər irəli sürülürdüsə, sonradan Rusiya Krım və Donbasa nəzarət də daxil olmaqla, demək olar ki, hər şeydən imtina etməyə razılaşıb.
“Əvvəlcə Rusiyanın Ukrayna qarşısında çoxlu sayda tələbləri var idi. O cümlədən Silahlı Qüvvələrin sayının 50 min nəfərə qədər azaldılması, blokdan imtina statusu, rus dilinə ikinci dövlət dili statusunun verilməsi, habelə Rusiyanın Krım və Donbasla bağlı hüquqlarının tanınması önə çəkilirdi", - o, Telegram kanalında yazıb.
Arestoviçin sözlərinə görə, sonda Rusiya artıq yalnız Ukrayna silahlı qüvvələrinin sayını azaltmağa razılaşıbmış. Lakin bu da, Kiyevi qane etməyib. Bundan sonra Kreml Zelenski ilə Putin arasında şəxsi görüş təşkil etməyə çalışıb. Lakin Ukrayna prezidenti bundan da imtina edib. Rusiya tərəfi bir neçə dəfə ilkin şərt olmadan yeni reallıqları nəzərə alaraq danışıqlara hazır olduğunu bəyan edib.
Tural Tağıyev
AzVision.az