Pambıqçılıqda ümumi məhsul artımı 26,4 faiz olub - İnam Kərimov
Nazir bildirib ki, pambıqçılıqda ümumi məhsul artımı 26,4 faiz olub, məhsuldarlıq isə 67,6 faiz artıb: "Həmçinin günəbaxan istehsalı 43,3 faiz, kartof istehsalı 11,7 faiz, tərəvəz 12,17 faiz, bostan məhsulları 11,4 faiz və meyvə-tərəvəz istehsalı isə 8,8 faiz artıb. Əsas artım sahələrindən birini, həmçinin üzümçülük təşkil edir. Heyvandarlıqla bağlı artıma gəlincə, ət diri çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9 faiz, yun istehsalı 1,6 faiz, barama istehsalı isə 25,3 faiz artıb. Qarşımızda qoyduğunuz əsas vəzifələrdən biri bu il bu sahədə mövcud resurslarımızdan istifadə etməklə məhsuldarlığın daha da artırılması, mütərəqqi texnikaların və metodların tətbiq edilməsidir".
İ.Kərimov qeyd edib ki, 2020-ci ildə qarşıda duran əsas vəzifələr fermerlərin toxum, gübrə və texnikaya əlçatanlığını daha da asanlaşdırmaq və bu sahədə müvafiq tədbirlər görməkdir, həmçinin aqrar sığortanın tətbiqi ilə bağlı müəyyən təşkilati tədbirlərin icrasıdır:
"Həmçinin fermerlərimizin bu gün ən çox üzləşdikləri məsələlərdən biri də onların kiçikhəcmli kreditlərə çıxışını daha da asanlaşdırmaqdır. Bununla yanaşı, bu il Kənd Təsərrüfatı Nazirliyinin digər qurumlarla birgə çalışacağı əsas sahələr intensiv heyvandarlığın inkişafı, o cümlədən tütünçülüyün və pambıqçılığın məhsuldarlığının daha da artırılması və bizim əsas ixrac məhsullarımızı təşkil edən və gələcəkdə emal sənayesi ilə sıx bağlı olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafıdır. Burada intensiv meyvə bağlarının geniş yayılması əsas prioritet istiqamətlərimizdən biri olacaq. Qeyd etmək istəyirəm ki, subsidiya sahəsində həyata keçirilmiş tədbirlər gübrə bazarında da liberallaşma ilə nəticələnəcək və fermerlərimizin gübrəyə çıxışı daha da asanlaşacaq".
Azvision.az
Teqlər: Kəndtəsərrüfatı Nazir İnamKərimov