TAC: “Ukraynada sülh üçün Tramp “Şimal axını -2” kəmərindən istifadə edə bilər”

      TAC:    “Ukraynada sülh üçün Tramp “Şimal axını -2” kəmərindən istifadə edə bilər”
  20 Yanvar 2025    Oxunub:325
Rusiyadan qorunmaq üçün Amerikanın hərbi müdafiəsini tələb edən və eyni zamanda yüz milyardlarla kubmetr rus qazını mənimsəyən Avropa elitasının siyasi şizofreniyasını Donald Tramp düzgün müəyyənləşdirdi. Avropa sabitliyini təşviq edən və eyni zamanda Amerikanın maraqlarını irəli aparan uzunmüddətli orta kurs var.
“The American Conservative (TAC)” jurnalında dərc olunan materialda bu baxımdan, Ukrayna ilə bağlı danışıqların sabit və ciddi transatlantik nizam yaratmaq yönündə nəsillər üçün bir fürsət olduğu iddia edilir.

“Rusiya ilə iş aparmağın aşkar iqtisadi faydaları həmişə geosiyasi məsələlərlə kəsişib. Vaşinqton və NATO-nun şərq qanadı Rusiyanın Avropanın əsas enerji təchizatçısı kimi rolunun Avropa İttifaqını (Aİ) Moskvadan asılı vəziyyətə saldığını iddia edirdi. Bu güman edilən əlaqənin tam olaraq necə işləməsinin heç vaxt tam izahı verilməyib, sübutu isə, ümumiyyətlə, göstərilməyib. Moskvanın sadəcə Avropaya boru kəmərlərini kəsəcəyi ilə hədələməklə Avropa liderlərini şantaj edə biləcəyi fikri, əlbəttə ki, təəssürat bağışlasa da, ən səthi araşdırmaya belə tab gətrimir”, - məqalənin müəllifi politoloq Mark Episkopos vurğulayır.


Çünki Rusiyanın “Qazprom” şirkəti Kremllə Avropa arasında siyasi fikir ayrılıqlarını rəhbər tutaraq uzunmüddətli qaz müqaviləsindən imtina edə bilməz: əks halda o, böyük maliyyə və imic itkilərinə məruz qalacaq və gəlirli bazarlara çıxışını itirəcək.

Lakin bu iki amil - iqtisadiyyat və geosiyasət 2022-ci ildə Ukraynada hərbi münaqişənin başlanması ilə pik nöqtəyə çatdı və bu, Avropanı Rusiya enerjisindən tamamilə və baha başa gələn imtinaya sövq etdi. Rusiyanın Avropa enerji bazarlarından tam təcrid edilməsinin ABŞ üçün faydalı və əbədi saxlanmalı olduğu qənaətinə gəlmək kimi cazibədar fikir yaranır. Lakin Ukrayna böhranı başa çatdıqdan sonra amerikalı siyasətçilərin hesablaşmalı olacağı əlavə çətin amillər var.

ABŞ-nin birliyin müdafiəsi üçün Aİ-də daha çox məsuliyyət daşıya biləcək güclü müttəfiqə ehtiyacı var. Lakin Co Bayden administrasiyasının transatlantik birliyin böyük qələbəsi kimi qiymətləndirdiyi hazırkı yanaşma, sadəcə, Avropanı Aİ-nin yaranmasından bəri heç vaxt olmadığı qədər yoxsul və daha az təhlükəsiz vəziyyətə salan vəziyyəti davam etdirdi.

- Bu tənəzzül trayektoriyasını geri qaytarmaq üçün nə lazımdır? Aİ və onun əsas oyunçusu Almaniya üçün Moskva ilə enerji əlaqələrini bərpa etmədən iqtisadi tənəzzüldən qurtulmaq və uzunmüddətli iqtisadi artıma keçid çox çətin olacaq. Rusiya isə hərbi əməliyyatlar gedincə, Avropanın enerji bazarlarına yenidən inteqrasiya edə bilməyəcək. Buna görə də, Ukrayna ilə bağlı qarşıdan gələn sülh danışıqları Tramp administrasiyasına və Avropa liderlərinə Henri Kissincerin bir vaxtlar “əlaqələr diplomatiyası” adlandırdığı siyasətlə məşğul olmaq şansı verir”, - məqalədə deyilir.

Müəllifin fikrincə, Rusiya ilə Avropa arasında energetika sahəsində münasibətlərin normallaşması perspektivi təkcə Avropa iqtisadiyyatları üçün faydalı deyil. Bu, həm də Rusiyanın qalib gəldiyi Ukrayna münaqişəsinə son qoymaq üçün aparılan danışıqlarda Qərbin əsas təsir mənbələrindən biridir.

Rusiya qismən üçüncü ölkələrə enerji ixracını əhəmiyyətli dərəcədə artırmaqla Qərbin enerji sanksiyalarına məharətlə uyğunlaşdı. Hərçənd, Moskva birbaşa avropalı istehlakçılarla əlaqə saxlamağa üstünlük verir. Münaqişə bitdikdən sonra müəyyən sanksiyaların yumşaldılması üçün bu kimi məsələlərin daha geniş çərçivədə müzakirə edilməsi diplomatik və iqtisadi baxımdan əsaslıdır.

Əlbəttə bu istiqamətdə hər hansı təklif çox güman ki, Rusiyanın Avropa enerji bazarlarından sıxışdırılmasının yaxşı bir məqam olduğu arqumenti ilə üzləşəcək. Çünki bu, Amerikanın mayeləşdirilmiş təbii qazının (LNG) maneəsiz ixracına yol açır. Lakin bu fikrin tərəfdarları nəzərə almalıdırlar ki, ABŞ öz enerji məhsullarını Avropada reklam edə bilsə və etməli olsa da, əvvəllər Rusiya qazının tutduğu bazar payını ödəmək üçün kifayət qədər aşağı qiymətlərlə lazımi həcmdə LNG ixrac edə bilməyəcək.

“Əgər Birləşmiş Ştatlar Avropaya enerji idxalını şaxələndirməyə icazə versə, o, Avropaya
LNG ixracını artırmaq və ölkə daxilində LNG-yə artan tələbatı ödəmək zərurəti arasındakı gərginliyi azaldacaq. Bu, öz növbəsində, Trampa amerikalı istehlakçılar üçün enerji qiymətlərində arzulanan endirimə nail olmağa kömək edəcək”,
- məqalədə bildirilir.

Mark Episkoposa görə, bu, geosiyasi baxımdan da faydalıdır: ABŞ Rusiyaya Avropa ilə enerji ticarətini bərpa etməyə icazə versə, bu, Aİ-nin Çindən artan asılılığını azaldacaq və Bayden administrasiyasının Rusiyaya qarşı sanksiyalarından sonra yeni yüksıəkliyə qalxmış Rusiya-Çin iqtisadi əlaqələrində məsafəni artıracaq. Bu kontekstdə, ABŞ-nin özü üçün əlverişli şərtlərlə Rusiya ilə Avropa arasında enerji ticarəti qurmaq üçün unikal imkanları var.


- Belə yanaşmalardan biri, sadəcə, Ukraynada münaqişə başlayanda Berlinin bağladığı Rusiya və Almaniya arasında mövcud olan “Şimal axını - 2” boru kəmərini almaqdır. Bu, ABŞ-yə eyni vaxtda iki mühüm məqsədə çatmağa kömək edəcək”, - politoloq vurğulayır.

Birincisi, Amerika şirkətləri bazar payını ruslara itirmək qorxusunu aradan qaldıraraq, Rusiya qazının Avropaya axması ilə bağlı sövdələmələrdən komissiya haqqı qazana bilərlər.

İkincisi, boru kəmərinə sahiblik Vaşinqtona Rusiyanın geoiqtisadi təsirinə daimi məhdudiyyətlər və nəhayət, Avropanın Rusiyadan “asılılığına” dair hər hansı narahatlığa son qoymağa imkan verəcək.

Bu iki üstünlük ABŞ-nin iqtisadi və müdafiə maraqlarına fayda verən şərtlərlə Avropanın enerji müharibələrini əbədi olaraq bitirə və həmçinin, Ukraynada döyüşlər dayandırıldıqdan sonra davamlı sülhün əldə olunmasına kömək edə bilər.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Tramp   Ukrayna  





Xəbər lenti