Mer leysandan danışıb: Bu cür hallara ən azı daha 2 il hazır olmalıyıq

      Mer leysandan danışıb:   Bu cür hallara ən azı daha 2 il hazır olmalıyıq
  21 Aprel 2025    Oxunub:457
Aprelin 15–16-da paytaxta yağan güclü leysan yağışı bir daha göstərdi ki, Bakı şəhərinin kommunal infrastrukturu iqlim dəyişiklikləri qarşısında ciddi sınaqlarla üz-üzədir. Şəhərin bəzi hissələrində nəqliyyatın iflic olması, küçələrin su ilə dolması və kommunal xidmətlərin fəaliyyətində müşahidə olunan çətinliklər təckə təbii hadisənin nəticəsi deyil, bu, təxirəsalınmaz tədbirlərin görülməsinə işarədir.

AzVision.az xəbər verir ki, yerli KİV-lərin müraciətinə cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud vəziyyəti şərh edib. E.Əzizov qeyd edib ki, sözügedən leysan barədə əvvəlcədən xəbərdarlıq alınmışdı:

“Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənib, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirib. Bu isə onu göstərir ki, şəhər infrastrukturu – ilk növbədə kanalizasiya sistemi – yeni yanaşmaları zəruri edir”.

Onun sözlərinə görə, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib:

“Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək. Bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur.

Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur: mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq”.

Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib. Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.

“Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq”.

RİH başçısı, eyni zamanda cəmiyyətin geniş müzakirə mövzusuna çevrilmiş külək nəticəsində ağacların aşması məsələsinə də toxunub:

“Bakı yarımsəhra və çöl iqlim zonasında yerləşir və burada çox güclü küləklər müşahidə olunur. Bu şərait ağaclar üçün heç də münbit deyil. Əlbəttə, ağaclar da hər bir canlı orqanizm kimi müəyyən bir həyat dövrünə malikdir və mövcud iqlim şəraitini, eləcə də baş verən təbii fəlakətləri nəzərə alsaq, ağacların aşması çox vaxt qaçılmaz olur. Lakin mən əminəm ki, təbii fəlakət nəticəsində qırılan ağacların yerində mütləq yeniləri əkiləcək və yaşıl ərazilərimizin sahələri dəfələrlə artacaq. Çünki bu, Ulu Öndər Heydər Əliyevin baxışlarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzunmüddətli ekoloji siyasətdir”.

AzVision.az



Teqlər:





Xəbər lenti