"Meta"nın qlobal siyasətinə cavabdeh olan Coel Kaplan isə deyib ki, şirkətin müstəqil moderatorlara güvənməsi əslində yaxşı məqamdır. Lakin onlar zərərsiz məzmunlara həddindən artıq senzuralar tətbiq etməklə xeyli irəli gediblər.
"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək |
Qeyd edək ki, buna qədər oxşar addımı İlon Mask da “X”-də atmışdı. İndi "Meta" korporasiyasının bir hissəsi olan "Facebook", "Instagram" və "Threads"də təxminən "X"də mövcud olan "community notes" ("Cəmiyyətin qeydləri" - red.) kimi sistem fəaliyyət göstərəcək. Yəni platformalardakı paylaşımların doğruluğunun yoxlanılması sosial şəbəkə istifadəçilərin ixtiyarına veriləcək. Hər kəs özü mübahisəli yazılara qeydlər əlavə edə, konteksti genişləndirə və ya müəllifin harada səhvə yol verdiyini göstərə biləcək. "Community notes" funksiyasının platformalara yaxın aylarda əlavə ediləcəyi gözlənilir.
“Meta” fakt yoxlama funksiyasını niyə ləğv etdi?
Məsələni AzVision.az -a şərh edən ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, texnologiyanın cəmiyyətə təsirinin miqyası artdıqca, onlayn platformaların məsuliyyətl. idarə edilməsi mühüm məsələyə çevrilir.
- Əslində “Meta”nın bu yaxınlarda elan etdiyi "Daha çox söz, daha az səhv" təşəbbüsü ifadə azadlığını qorumaqla, dezinformasiya və zərərli məzmunun qarşısını almaq arasında balans yaratmaq üçün atılmış əhəmiyyətli bir addımdır. Bu təşəbbüsdə diqqət çəkən əsas məqam “Meta”nın Süni İntellekt (AI) və maşın öyrənməsi texnologiyalarından istifadəni daha da inkişaf etdirmək niyyətidir. Süni İntellektin məzmun idarəetməsində tətbiqi, xüsusən də mətnlərin, şəkillərin və videoların böyük miqyasda analiz edilməsi, zərərli məzmunun vaxtında aşkarlanması sahəsində yüksək effekt verə bilər. Hərçənd, AI sistemlərinin müxtəlif dillərdə və mədəniyyətlərdə konteksti düzgün anlamaq qabiliyyəti hələ mükəmməl deyil. Bu, xüsusilə çoxdilli və çoxmədəniyyətli platforma olan “Facebook” ilə “Instagram” üçün böyük bir sınaqdır. Azərbaycan kimi ölkələrdə bu sistemlərin necə işləyəcəyi maraq doğurur,- mütəxəssis deyib.
Bu məsələdə şəffaflıq və insan nəzarəti amilləri də unudulmamalıdır. AI sistemləri nə qədər inkişaf etsə də, ədalətli qərarlar qəbul etmək üçün insan nəzarətinə ehtiyac qalır. “Meta”nın qərar qəbuletmə proseslərini daha şəffaf etmək və insan moderatorlarını AI ilə birlikdə daha aktiv şəkildə cəlb etmək planları istifadəçilərin etimadını artırardı.
- Əsas məsələ ifadə azadlığının qorunmasıdır. Dezinformasiya və nifrət nitqini idarə etməkdə ortaya qoyulmuş sərt yanaşmalar bəzi hallarda ifadə azadlığını məhdudlaşdıra bilər. Belə təşəbbüs sərhədləri dəqiq müəyyən etməklə yanaşı, azad ifadənin qorunmasına diqqət yetirməlidir. Süni intellektin dəqiqliyi və sürəti nə qədər yüksək olsa da, saxta məlumat və zərərli məzmunun daha mürəkkəb üsullarla istehsal edilməsinə qarşı adaptasiyası kritik olur. Bu sahədə hələ də tam oturuşmuş analız sistemləri mövcud deyil, - Assosiasiya rəhbəri deyib.
Ümumilikdə isə ekspert “Meta”nın son təşəbbüsünü rəqəmsal platformalarda sağlam müzakirə mühitinin qorunması istiqamətində atılan normal addım sayıb. Lakin bu təşəbbüsün təsirini qiymətləndirmək üçün AI sistemlərinin Azərbaycandakı məzmunları necə idarə etdiyini görmək lazımdır. Ölkəmizdə bu məsələ birmənalı qarşılanmayacaq. “Meta”nın alqoritmlərində dəyişiklik edərək faktyoxlama prosesini azaltması azərbaycanlı istifadəçilərin paylaşımlarına təsir göstərə bilər. Müsbət təsir odur ki, istifadəçilər məhdudiyyətlərə az məruz qalacaqlar. Yaxın gələcəkdə yumşaldılmış istifadəçi şərtlərinin şahidi olacağıq. Mənfi təsirə gəlincə, nəzarətin azalması qeyri-etik paylaşımların xeyli artmasına şərait yaradacaq. Şəxslərə aid məxfi informasiyalar sosial şəbəkələrdə rahat şəkildə yayımlana bilinəcək. Dezinformasiya yayanların işi asanlaşacaq.
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa deyir ki, sosial şəbəkələrdə müəyyən filtrlərin tətbiqi heç vaxt birmənalı qarşılanmayıb. "Meta" faktçekinqdən imtinaya səbəb kimi şirkətin söz azadlığına daha çox önəm verməsini, sistem səhvlərindən dolayı bir çox günahsız insanın postlarının, yazılarının və şərhlərinin silinməsini göstərib. Zukerberq artıq bu məsələnin həlli istiqamətində işlər görməyə başlayıb. Filtrlərin tətbiqi istifadəçilər tərəfindən bəyənilən hal deyil. İnsanların senzuraların və filtrlərin olmadığı saytlara üstünlük verirlər. "TikTok" və "Telegram"ı misal göstərmək olar. Düzdür, "TikTok" fakt yoxlamalarından yararlanır və bu işi görən bir çox şirkətlə tərəfdaşlıq da edir. Amma "feysbuk"dan xeyli yumşaqdır.
İT mütəxəssisinin sözlərinə görə, Zukerberq bəzi məsələlərdə haqlıdır. Məsələn, faktçekinqlər həqiqətən də tam olaraq faktları yoxlaya bilmir və bu məsələlərdə müəyyən boşluqlar yaranırdı.
“Meta"nın qərarının başqa bir səbəbi isə xərclərin azaldılması ola bilər. Fakt yoxlanışlarına görə şirkət 2016-cı ildən başlayaraq 100 milyon dollardan çox pul xərcləyib.
Haqlı sual yaranır ki, bundan sonra “Facebook”, “İnstagram” və “Threads”də saxta məlumatlar və xəbərlərin sayında çoxalma müşahidə ediləcəkmi? Güman ki, bəli; amma bu sahədə tam nəzarətsizlik də yaranmayacaq. Platformalarda müəyyən süzgəclər və senzuralar başqa formada tətbiq olunacaq.
- Mark Zukerberqin sözlərindən belə çıxır ki, bundan sonra “X” platformasındakı kimi, burada da məlumatların saxta olub-olmamasına cəmiyyətlə yanaşı, xüsusi alqoritmlər və Süni İntellekt qərar verəcək. Artıq istifadəçilər kifayət qədər sosial şəbəkə təcrübəsinə malikdirlər və bu amil sosial platformalarda məzmunun süzgəcdən keçirilməsinə xeyli kömək edəcək. Süni İntellekt texnologiyalarının tətbiqi də prosesə yardım edəcək. Mətn emalı, təsvirin, videonun təhlili, tanıma və manipulyasiya analizinin edilməsi və s. kimi məsələlərdə Sİ-nin köməyilə geniş spektri əhatə etmək mümkündür. Təhqir, nifrət, intihar, zorakılıq, qeyri-etik görüntülər kimi məsələlərdə şirkətin alqoritm siyasətinin daha sərt olacağını gözləmək olar,- ekspert fikirlərini tamamlayıb.
Tural Tağıyev
AzVision.az