Tramp: “Putin Rusiyanı dağıdır”

      Tramp:    “Putin Rusiyanı dağıdır”
  21 Yanvar 2025    Oxunub:347
Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə son qoymaq üçün saziş bağlamaqdan imtina etsə, Rusiya böyük problemlərlə üzləşəcək.
AzVision.az xəbər verir ki, ABŞ-nin yeni prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Ukraynada müharibənin dayandırılması ilə bağlı sualın cavabında belə deyib.

“Zelenski razılaşma bağlamaq istəyir. Putinin bunu istədiyini bilmirəm. O, müqavilə bağlamalıdır. Məncə, müqavilə bağlamamaqla Putin Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq”, – Tramp Ağ Evin Oval kabinetində jurnalistlərə deyib.

Onun sözlərinə görə, Putin üç ildir ki, davam edən müharibənin necə getdiyindən “məmnun ola bilməz”. Tramp Rusiya prezidenti ilə “mümkün qədər tez” görüşməyə və “hər şeyi öyrənməyə” söz verib.

Tramp inauqurasiyadan sonra Ukrayna ilə bağlı ilk açıqlamalarını verib
O, həmçinin dövlət başçısı vəzifəsinə başlayandan sonra 24 saat ərzində Ukraynada müharibəni bitirmək barədə seçki vədini də şərh edərək, “Ağ Evdə mən olsaydım Rusiya Ukraynaya qarşı müharibəyə başlamazdı” tezisini bir daha təkrarlayıb.

Qeyd edək ki, Trampın andiçmə mərasimi günü Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin dayandırılması məsələsində “dialoqa açıq olduğunu” iddia edib. Onun sözlərinə görə, gələcək sülh danışıqlarının məqsədi qüvvələrin yenidən qruplaşdırılması və yenidən silahlanması üçün qısamüddətli atəşkəs yox, bu regionda yaşayan bütün insanların, bütün xalqların qanuni maraqlarına hörmət əsasında uzunmüddətli sülh olmalıdır.

- Biz, əlbəttə ki, Rusiyanın maraqları, rus xalqının maraqları üçün mübarizə aparacağıq. Bu, əslində, xüsusi hərbi əməliyyatın keçirilməsinin məqsədi və mənasıdır. Böhranın əsas səbəbləri aradan qaldırılmalıdır”, - Putin deyib.

Daha əvvəl Rusiya prezidentinə yaxın mənbələrə istinad edən “Financial Times” qəzeti Trampla gələcək danışıqlarda Putin üçün əsas məsələnin NATO-nun Rusiya sərhədlərində mövcudluğu olacağını yazmışdı. Nəşrin həmsöhbətlərinin dediyinə görə, Putin Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağını, alyansın özünün isə Rusiya sərhədlərində mövcudluğunu qismən məhdudlaşdıracağını ehtiva edən yeni təhlükəsizlik sazişləri bağlamaq istəyir. Çünki müharibədən sonra dünyanın necə olacağından naratlıq hissi keçirən Putin Rusiyaya təhdidləri aradan qaldırmaq üçün beynəlxalq nizamın qaydalarını dəyişmək istəyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Putin   Ukrayna  





Xəbər lenti